Fransada orduya Rusiya ilə müharibəyə hazırlaşmaq tapşırığı verilib
Fransa Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi general Fabyen Mandon bəyan edib ki, Fransa ordusu Rusiya ilə qarşıdurmaya hazır olmalıdır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki ,Ukraynaya dəstək verən ölkələrdən biri də Fransadır:
"Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabyen Mandon bəyan edib ki, Rusiya qitəmizdə müharibəni davam etdirməyə cəhd edə biləcək ölkədir və buna görə Fransa bu ehtimala hazır olmalıdır. Son vaxtlar Fransada hətta həkimlərə də müharibəyə hazırlaşmaq tövsiyə olunub. Bildirilir ki, ölkənin xəstəxanalarında da hazırlıq işləri aparılır və 2026-cı ilin mart ayına qədər 10 mindən 50 minə qədər yaralını qəbul etməyə hazır olmaq tapşırılıb.Fransadakı xəstəxanalar bu yaralıların 10 gündən 180 günə qədər müalicə keçə biləcəyini nəzərə alaraq fəaliyyət planları hazırlayır. Yəni aydın görünür ki, Fransa belə bir müharibə ssenarisinə ciddi şəkildə hazırlaşır və bu hazırlıq daha çox Rusiyanın təhdidi ilə əlaqələndirilir.Nəzərə alsaq ki, bu gün Rusiya Avropanın “qapısını döyür” və Ukraynaya dəstək verən ölkələrdən biri də Fransadır, deməli, Fransa real bir təhlükə ilə üz-üzə qalmaq ehtimalını görür. Bu hazırlığın əsas səbəbi də məhz növbəti 3–4 il ərzində Rusiya ilə mümkün qarşıdurma riskidir".
Ekspertin sözlərinə görə , söhbət təkcə Fransadan getmir:
"Bu məsələ bütövlükdə NATO ilə, xüsusilə də Avropa qanadındakı hərbi hazırlıqla bağlıdır. NATO ölkələri, xüsusən Polşa və Baltik dövlətləri, Rusiya ilə qarşıdurma riskini real hesab edirlər. Onlar artıq “hibrid müharibə”nin getdiyini və bunun isti müharibəyə çevrilə biləcəyini bildirirlər.Eyni zamanda qeyd edilməlidir ki, Fransa hazırda Avropadakı NATO üzv dövlətləri arasında hərbi cəhətdən ən güclü ölkə sayılır. Bu səbəbdən onun ön plana çıxması təbiidir. Yeni il üçün Fransanın hərbi büdcəsi 57,1 milyard avro səviyyəsində müəyyən edilib ki, bu da ötən illə müqayisədə 13 faiz çoxdur.Görünür, Baş Qərargah rəisinin son açıqlamaları həm də bu büdcə artımının parlamentdə təsdiqlənməsi üçün psixoloji və ideoloji zəmin yaratmaq məqsədi daşıyır. Çünki hərbi xərclərin artırılması üçün ictimaiyyətdə müəyyən narahatlıq və təhdid hissinin formalaşdırılması bəzən məqsədəuyğun sayılır".
Xədicə Məhərrəmli
