Fransada vəziyyət nə qədər gərginləşsə də, Makron istefa verməyəcək
"Fransada vəziyyət nə qədər gərginləşsə də, hələki Makronun istefa verməyəcəyini düşünürəm."
Bu sözləri informator.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq deyir ki, Makronun hakimiyyətdə olduğu dövrdə Fransada ümumiyyətlə həm daxili siyasət bərbad vəziyyətdə olub, həm də Fransanın beynəlxalq münasibətlər sistemində mövqeləri kifayət qədər aşağı düşüb.
"Özəlliklə Makronun hakimiyyəti dövründə sosial sahədə bir sıra çıxardığı qərarlar fransız xalqını dərin formada narahat edib. Makronun dırnaq arası pensiya islahatları, eyni zamanda konstitusiya və hüquqla bağlı qərarları Fransada cəmiyyətin ciddi narazılığına səbəb olub. Elə bu yaxınlarda Fransada baş verən etiraz aksiyalarında sadə insanların marketləri dağıtması, oğurluqlar etməsi onu göstərir ki, həqiqətən Fransada əhalinin sosial vəziyyəti özəlliklə Makronun hakimiyyəti dövründə kifayət qədər aşağı düşüb. Eyni zamanda Makronun aqressiv, biryanlı, qərəzli və neo-müstəmləkəçi xarici siyasəti ucbatından bu gün Fransanın beynəlxalq münasibətlər sistemində mövqeləri kifayət qədər aşağı düşüb".
Tural İsmayılovun sözlərinə görə, Avropa İttifaqının daxilində də Makrona və hazırki Fransaya yanaşma heç də bir mənalı deyil.
"Avropa İttifaqında Britaniya, İtaliya və s. kimi ölkələrin Fransaya münasibətləri pisləşməyə doğru gedir. Əlbəttə ki mitinqlərin və etirazların biz dəfələrlə artdığını görmüşük. Amma Makron belə hadisələr qarşısında istefa verəcək bir siyasi cəsarətə malik deyil".
Politoloq qeyd edib ki, başqa vaxt beynəlxalq hüquqdan, ədalətdən danışan dövlətlər etirazçılara qarşı həyata keçirilən belə vəhşiliklərə göz yumur və heç bir səs çıxarmırlar.
"Daha əvvəl "sarı jiletlilər" və buna bənzər aksiyalarda gördük ki, bu hallarda Makron insanların üzərinə atlarla, itlərlə polisləri hücum etdirir.Bu baxımdan Fransada vəziyyət nə qədər gərginləşsə də, hələki Makronun istefa verməyəcəyini düşünürəm."
Aynur Babayeva
