“Fransanın təşəbbüsü Avropada parçalanma yarada bilər”
Parisin Fələstin dövlətçiliyini tanımaq niyyətinə görə İsrail Fransaya qarşı sərt tədbirlər görməyə hazırlaşır.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Fransanın Fələstin dövlətçiliyini tanımaq niyyəti Yaxın Şərqdəki kövrək güc balansını ciddi şəkildə dəyişə bilər:
“Belə bir addım Fələstinlilərin beynəlxalq legitimliyini artıraraq, onlara diplomatik arenada daha güclü mövqe qazandıracaq. Bu həm də Avropanın İsrail-Fələstin münaqişəsinə dair siyasətində parçalanmaya səbəb ola bilər. Çünki bütün Avropa İttifaqı üzvləri bu mövzuda yekdil deyil. Fransanın bu addımı digər Avropa ölkələrini də Fələstini tanımağa təşviq edə bilər ki, bu da İsrail üçün əlavə diplomatik təzyiq yaradar. İsrailin Fransaya qarşı sərt tədbirlər planı beynəlxalq hüquq normalarına uyğun hesab edilməsi çətin bir məsələdir. Birincisi, İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsini beynəlxalq hüquq geniş şəkildə pisləyir və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ziddir. Bu addım Fələstinlilərin öz müqəddəratını təyin etmək hüququnu pozur. İkincisi, bir ölkənin diplomatik qərarlarına cavab olaraq dini ziyarətgahlara qarşı addımlar atmaq, beynəlxalq konvensiyalara və dini azadlıqlara hörmət prinsiplərinə zidd ola bilər. Fransa konsulluğunun bağlanması diplomatik cavab tədbiri hesab edilə bilər, lakin bu da diplomatik münasibətləri gərginləşdirəcək”.
Politoloq qeyd edib ki, İsrailin bu addımları Avropa İttifaqı daxilində fərqli reaksiyalara səbəb olacaq:
“Fransa təbii ki, bu addımları qətiyyətlə pisləyəcək. Digər Avropa ölkələri, xüsusilə də Almaniya kimi İsrailin ən yaxın müttəfiqləri münasibətlərin gərginləşməməsi üçün ehtiyatlı bir mövqe tutacaqlar. Avropa İttifaqı həm İsrail, həm də Fələstinlə sıx əlaqələri saxlamaq istədiyi üçün bu ittifaqın xarici siyasətində bir dilemmaya səbəb olacaq. Aİ-nin ümumi mövqeyi, tərəfləri gərginliyi azaltmağa və danışıqlara qayıtmağa çağırmaqla məhdudlaşa bilər. Lakin bu hadisə Avropa daxilindəki İsrail tərəfdarı və Fələstin tərəfdarı qruplar arasında siyasi çəkişmələri də alovlandıra bilər”.
Nuray Əliyeva