00:00:00
Yazar
Güllər Gülhüseynova
21.07.2026 19:12 44 2 dəq oxuma
Siyasət

Fransız diplomatların İranda saxlanılmasına Parisdən reaksiya

Fransız diplomatların İranda saxlanılmasına Parisdən reaksiya

Fransa İrandakı səfirliyinin 2 əməkdaşının bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətə saxlanılmasını və dindirilməsini kəskin pisləyib.

 

Rəsmi Paris bu hadisəni diplomatik toxunulmazlığın ciddi pozulması kimi qiymətləndirib.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, əgər söhbət normal diplomatik münasibətlərdən getsəydi, hər hansı bir ölkədə diplomatların saxlanılması və dindirilməsi həmin dövlətlə diplomatları göndərən ölkə arasında ciddi fikir ayrılıqlarına, diplomatik böhrana və münasibətlərin kəskin pisləşməsinə səbəb olardı:

 

“Hazırda İran və Fransa arasında münasibətlər elə bir səviyyədə deyil ki, normal diplomatik əlaqələrdən danışmaq mümkün olsun. Onsuz da iki ölkə arasında münasibətlər uzun müddətdir gərgindir. Faktiki olaraq diplomatik təmaslar minimum səviyyəyə enib. Mövcud əlaqələr də əsasən təhlükəsizlik və hərbi məsələlərlə məhdudlaşır. Siyasi, iqtisadi və digər mülki sahələrdə diplomatik kanallar demək olar ki, fəaliyyət göstərmir. Bu baxımdan, Fransa ilə İran arasında hansı müsbət münasibətlərdən danışmaq olar ki, baş verən hadisə də onlara ciddi təsir göstərsin? Əksinə, bu olay onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq. Təbii ki, İran tərəfi iddia edəcək ki, saxlanılan şəxslər diplomat adı altında fəaliyyət göstərən xüsusi xidmət orqanlarının əməkdaşları olublar. Fransa isə bunun əksini bildirəcək və onların diplomatik status daşıyan rəsmi əməkdaşlar olduğunu vurğulayacaq. Hansı tərəfin haqlı olduğunu müəyyən etmək isə kifayət qədər çətin olacaq və bu məsələ siyasi mübahisə mövzusu kimi qalacaq”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, bununla belə, istənilən halda hadisə iki ölkə arasındakı münasibətləri daha da pisləşdirəcək:

 

“Nüvə proqramı və sanksiyalar məsələsinə gəldikdə isə, burada da vəziyyət dəyişmir. Onsuz da İranın nüvə proqramı ilə bağlı danışıqlar faktiki olaraq dayanıb. Hətta son hərbi gərginliyin əsas səbəblərindən biri kimi də məhz nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqları göstərilir. İran Beynəlxalq Atom Enerjisi Agentliyini və bəzi Qərb ölkələrini qərəzli mövqe tutmaqda ittiham edir. Qərb isə sanksiyaların yumşaldılması üçün Tehrandan müəyyən güzəştlər gözlədiyini bildirir. İran isə öz növbəsində belə güzəştlərə getməyəcəyini açıq şəkildə bəyan edir. Bu səbəbdən sanksiyalarla bağlı danışıqların yaxın perspektivdə nəticə verməsi real görünmür. Ona görə də bu hadisənin Fransa ilə İran arasında münasibətləri daha da korlayacağı şübhə doğurmur. Hazırkı şəraitdə münasibətlərin yaxşılaşmasına zəmin yaradan hər hansı amil görünmür. Əksinə, tərəflər arasında qarşılıqlı etimadsızlıq, siyasi qarşıdurma və dialoqun zəifləməsi davam edir”.

 

Güllər Gülhüseynova

#İran #Paris #Fransa #Qərb #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər