Fuat Oktay: “ Zəngəzur dəhlizi və ‘Tramp marşrutu’ razılaşdırılıb ”
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi və “Tramp marşrutu” üzrə razılıq əldə olunub. Onun sözlərinə görə Ermənistanla Azərbaycan arasında normallaşma prosesi artıq başlayıb və tərəflər regional əməkdaşlıq istiqamətində yeni mərhələyə qədəm qoyublar.
Mövzu ilə bağlı “İnformator.az” a müsahibəsində siyasi şərhçi Tural İrfan bildirir ki, Azərbaycan və Ermənistan arasında yaranan sülh prosesindən doğan Zəngəzur dəhlizinin açılması məsələsi təkcə Azərbaycan və region üçün deyil, ümumiyyətlə bütün dünya üçün böyük əhəmiyyət kəsb edir:
“ Ermənistanla Azərbaycan arasında normallaşma prosesi regional əməkdaşlıq üçün yeni üfüqlər açır.
Bu dəhliz Türkiyəni də Qafqaz və Xəzər dənizi vasitəsilə türk dünyası ilə birləşdirən əsas marşruta çevriləcək. Həmçinin türk dünyasını Türkiyə vasitəsilə Avropa ilə daha sonra isə Asiya ilə birləşdirəcək. Çoxfunksiyalı marşrut olaraq bir çox ölkələr arasında iqtisadi, ticari əlaqələrin inkişafına səbəb olacaq. Dəhlizin açılması məsələsində hər nə qədər ABŞ və digər dövlətlər maraqlı və dəstəkçi olsalar da bu məsələdə əsas rolu Azərbaycan və Ermənistan oynayır. Odur ki, əsas hüquqi və siyasi məsələlər bu ölkələr arasında gedir. Dəhlizin hüquqi statusu və fəaliyyətindən doğacaq başqa mexanizmlər təbii ki, bu iki ölkə arasında razılaşdırılmalıdır. Sözü gedən dəhliz digər maraqlara maneə yaratmır və İranla da Azərbaycan arasında müəyyən razılaşmalar mövcuddur. İranla bağlı hazırki gərginliyə baxmayaraq Azərbaycan - İran iqtisadi əməkdaşlığı çərçivəsində nəzərdə tutulmuş işlər davam etməkdədir. İranla bir çox yöndən iqtisadi əməkdaşlıq hər iki ölkənin iqtisadi maraqları üçün fayda gətirə bilər. Eyni zamanda İranın təşəbbüsü ilə hazırlanan və İran, Ermənistan, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Yunanıstanı birləşdirməyi hədəfləyən, avtomobil və dəmir yolu infrastrukturunu əhatə edən beynəlxalq tranzit layihəsindən də söhbət gedir. Layihə Fars körfəzini Gürcüstan və Bolqarıstanın Qara dəniz limanlarına bağlamağı nəzərdə tutur. İran limanlarından (məsələn, Bəndər-Abbas) başlayan xətt, Ermənistan, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dənizə, oradan isə Avropaya çıxışı nəzərdə tutur. Mövcud dəmir yolu və avtomobil yollarının modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması və gömrük prosedurlarının sadələşdirilməsi.
Bu layihənin məqsədi İranın sanksiyalardan yayınaraq alternativ ixrac marşrutu əldə etməsi, həmçinin region ölkələri arasında ticari əlaqələrin gücləndirilməsidir. Təbii ki, hazırki vəziyyətdə bunun nə dərəcədə reallaşmasının mümkünlüyü sual altındadır. Amma ABŞ-İran münasibətlərinin müharibə həddinə çatması, eyni zamanda layihədə iştirakı nəzərdə tutulan ölkələrin bu mövzuya münasibəti bu və bu kimi layihələrin reallaşmasını mümkünsüz edə bilər. Buna baxmayaraq Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan ilə birləşdirən Ağbənd - Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatması və bu yolun istifadəyə verilməsi ilə yaranan nəqliyyat dəhlizi mühüm bir hadisə kimi ölkəmiz üçün əhəmiyyətli fayda gətirə bilər. Eyni zamanda, İranın regiondakı proseslərdən kənarda qalmaması üçün şərait yaradır. Ermənistan daxilində Zəngəzur dəhlizi marşrutuna qarşı əsasən Rusiya təsirində olan keçmiş müxalif dairələr etiraz edə bilər ki, bu çevrənin də demək olar ki, heç bir daxili təsirideci qüvvəsi qalmayıb. İctimai rəyi isə əsasən gedən proseslərin verdiyi fayda müsbət yöndə dəyişir ”.
Ədilə Hüseynzadə
