Görkəmli arxeoloqa həsr olunmuş tədbir keçirilib
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində həmyerlimiz AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, arxeoloq Qara Əhmədovun (1928-2003) xatirəsinə həsr olunmuş tədbir keçirilib. Böyük təntənə ilə qeyd olunan tədbiri giriş sözü ilə muzeyin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Xalis Məmmədov açaraq, görkəmli alimin həyatı və fəaliyyəti haqqında auditoriyaya geniş məlumat verilib. Tədbirdə arxeologiya sahəsində ölkəmizdə ilk dəfə doktorluq dissertatsiyası müdafiə edən Qara Əhmədovun Beyləqanın və Qəbələnin tarixi arenaya daxil olmasında böyük xidmətlər göstərdiyi vurğulanmış, muzeyin ekspozisiyasında görkəmli alimin elmi fəaliyyətini işıqlandıran daimi güşəsinin nümayiş etdirildiyi qeyd olunub. Çıxış edənlər arxeoloqla bağlı xatirələrini söylədi.
