Güc tarazlığı dəyişir?
Trampın son günlərdə Rusiya ilə arasındakı gərginlik bütün diqqəti Ukrayna-Rusiya cəbhəsinə yönəldib. ABŞ prezidentinin verdiyi son açıqlamalardan sonra Şərqdə vəziyyət necə dəyişəcək?
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp Yaxın Şərqdə proseslər davamlı şəkildə irəliləməsinin marağındadır:
“Yaxın Şərqdə xüsusilə də Həmas-İsrail qarşıdurmasından sonra bütün fikirlər Rusiya-Ukrayna müharibəsinə yönəlib. Məlumdur ki, artıq o bölgədə də vəziyyət yenidən gərginləşir. Tərəflər bir-birini ittiham edir – həm Həmas, həm də İsrail qarşı tərəfi günahlandırır. İsrailə məxsus bir neçə əsiri Həmas azad edib. Digər tərəfdən, İsrail də Qəzza bölgəsindəki fələstinli mülki şəxsləri və məhbusları azadlığa buraxılıb. Lakin bu hadisədən sonra atəşkəs rejimi pozulub və tərəflər bir-birini günahlandırmağa başlayıb. Ehtimal olunur ki, bu münasibətləri ABŞ normallaşdıracaq. Artıq ABŞ-nin Dövlət Katibi İsraildə səfərdədir. Bundan əvvəl isə Trampın Yaxın Şərq üzrə keçmiş müşaviri Steven Yudikof və onun kürəkəni Kuşner də İsrailə təsir göstərmək üçün bölgədə idilər. Belə qərar verilib ki, İsrail hərbi qüvvələrinin idarəsində ABŞ hərbçiləri və administrasiyası idarə edəcəkdir. Hətta İsrail ordusunda yüksək vəzifəni ABŞ generalı tutur və İsrail komandanlığı Baş nazirə tabe olur. İsrail Baş naziri kənarlaşdırılıbdır. Bu isə ABŞ və İsrail arasında ciddi razılaşmanın göstəricisidir. Əgər İsrail bu razılaşmalara əməl etməzsə, bu, iki ölkə arasında yeni gərginliklərə səbəb olacaqdır. Tramp Yaxın Şərqdə proseslər davamlı şəkildə irəliləməsinin marağındadır. Artıq razılaşmanın ikinci bəndi “Qəzzaya humanitar yardımın çatdırılması” icra olunur. Digər tərəfdən isə bölgənin bərpası və investisiyalar nəzərdə tutulur”.
Politoloq eyni zamanda açıqlamasında qeyd edib ki , Qəzza bölgəsindəki məsələlər öz həllini tapacaqdır:
“Görünür ki, İsrail bölgəyə nə Qətərdən, nə də Türkiyədən sülhməramlıların daxil olmasını istəmir. Bununla bağlı fikir ayrılığı vardır. Ancaq ABŞ dövlət katibi Türkiyə haqqında müsbət fikirlər səsləndirib və qeyd edib ki, əsas sülh təşəbbüskarlarından biri məhz Türkiyədir və biz Türkiyəyə arxalanırıq. Böyük ehtimalla Qəzza bölgəsindəki məsələlər öz həllini tapacaqdır. Qalır Rusiya-Ukrayna münasibətləri – bu məsələ isə hələ də həllsiz qalır”.
Zəri Bayramlı
