Gürcüstan Ukraynada sülhün bərqərar olacağına ümid edir
Gürcüstan Ukraynada davam edən münaqişənin tezliklə sona çatacağına və bölgədə sülhün bərqərar olacağına ümid edir. Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze açıqlama verib. O bildirib ki, Avropa qitəsində dayanıqlı sülh iqtisadi inkişafın davamı üçün mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, heç bir ölkə açıq şəkildə demir ki, biz müharibənin uzanmasını istəyirik:
"Diplomatik etika bunu deməyə imkan vermir. Hər bir ölkə bildirir ki, müharibənin qısa zamanda və ədalətli şəkildə başa çatmasını arzulayır. Amma əsas məsələ budur: bu fikirlər nə qədər səmimidir və əslində müharibənin bitməsi kimə sərf edir, kimə sərf etmir?
Mən düşünmürəm ki, Gürcüstan müharibənin bitməsində səmimi şəkildə maraqlıdır. Niyə? Çünki Gürcüstan özü də Rusiyanın separatizm siyasətindən əziyyət çəkir. Gürcüstanın bəzi əraziləri Rusiyanın işğalı altındadır. Gürcüstan üçün Rusiya zəifləməlidir, çünki əks halda müharibə bitdikdən sonra Rusiya yeni hədəflər axtara bilər. Tarixən belə olub: müharibədən çıxan qalib və ya yarımçıq qələbə qazanan dövlətlər adətən növbəti hədəflərə yönəlirlər.
Məsələn əgər Rusiya Ukrayna müharibəsində qalib gəlsə, bu zaman daxildəki xalq narazı qalacaq, çünki müharibə ölkəyə iqtisadi və sosial baxımdan böyük zərbə vurub. Müharibə bitəndə xalq ayağa qalxa bilər, bu isə Putinin hakimiyyətini təhlükəyə ata bilər. Buna görə də Rusiya üçün yeni xarici düşmən lazım olacaq və bu halda Gürcüstan növbəti hədəf ola bilər. Bu baxımdan, mən düşünürəm ki, Tbilisi müharibənin bitməsini istəmir və Gürcüstanın bu məsələdə səmimi olduğunu hesab etmirəm".
Aişə Mustafayeva