Gürcüstan və Azərbaycan kənd təsərrüfatı sahəsində birgə işçi qrupu yaradacaq
Gürcüstan və Azərbaycan kənd təsərrüfatı və qida sektorunda əməkdaşlığı gücləndirmək üçün birgə işçi qrupu yaradacaq. Bu barədə qərar Gürcüstanın kənd təsərrüfatı naziri Davit Sonqulaşvili və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun görüşündə qəbul olunub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, kənd təsərrüfatı ticarətinin genişlənməsi hər iki ölkənin fermerləri üçün yeni bazarlar, ticarət və məhsul satış imkanları deməkdir:
"Bu, kənd təsərrüfatı istehsalının həcminin artmasına və ümumilikdə kənd təsərrüfatı sektorunun inkişafına müsbət təsir göstərə bilər. Bizim bu sahədə əlaqələrimiz var, indi deyirlər ki, bu əlaqələri daha da inkişaf etdirək bu, əlbəttə ki, müsbət haldır. Müsbət təsir göstərə bilər, problemləri müəyyənləşdirib, investisiya imkanlarını araşdırıb düzgün qərarlar verə bilərlər. Təbii ki, bütün bunlar hələlik nəzəriyyədir edəcəklər, etməyəcəklər, bu artıq zaman məsələsidir.
Mən fitosanitar sahədə mütəxəssis deyiləm, amma ümumilikdə, ölkələrin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı həm məhsul istehsalına müsbət təsir edə bilər, həm də ehtiyac yarananda bir-birinə dəstək vermək imkanı yaradar. Çünki, ərzaq təhlükəsizliyi hər bir ölkənin strateji təhlükəsizliyinin mühüm komponentidir".
Aişə Mustafayeva