G20 Sammitindən geri qalanlar
G20 Sammiti yekunlaşsa da dünya mediası hələ də Zirvə görüşündən geriyə qalanları müzakirə edir. İclasın sessiyalarında masaya yatırılan mövzular özündə Yeni dünya nizamının gələcəyi ilə bağlı bir sıra şifrələr ehtiva edir.Kritik zirvədə diqqət çəkən məqamlar və sammitin nəticələri ilə bağlı ekspertlərin analizləri bu yazıda…
Dünyanın ən böyük iqtisadiyyatına sahib ölkələrini bir araya gətirən G20 sammiti başa çatdı. "Bir dünya, bir ailə, bir gələcək” mövzusu ilə keçirilən builki sammit iqtisadi və siyasi prizmadan verilən mesajlar, eləcə də qərarlarla yadda qaldı. Elə iclas keçirildiyi gün beynəlxalq mediada əsas manşetlərə çıxmağı bacardı. Belə ki, Hindistanın toplantıya Bharat adı ilə ev sahibliyi etməsi ilk dəqiqələrdən sammitdə diqqəti artıran əsas faktor oldu.
Qlobal iqtisadiyyatda istehsalın 85 faizini təşkil edən G20 ölkələri sırasına yeni üzvün qəbulu isə dünyada rezonans yaratdı. Səbəb isə bu dəfə məhz 55 üzv dövlətdən ibarət Afrika Birliyinin təşkilata daimi üzv qəbul edilməsi idi. Hətta iclasda verilən bu qərar dünya manşetlərində "G20 artıq G21-dir" başlığı ilə öz əksini tapdı.
Qlobal iqtisadi-siyasi arenaya böyük təsiri olacaq "Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Layihəsi"-nin təqdimi də Zirvə görüşünə damğa vurdu. Bu nəqliyyat və rəqəmsal əlaqə layihəsi Körfəz Əməkdaşlıq Şurası ölkələrini birləşdirən dəmir yolu layihəsi də daxil olmaqla, mövcud regional inteqrasiyanı planlayır. Layihənin əhatə dairəsinə Yaxın Şərqdə elektrik, məlumat şəbəkələrinin yaradılması və hidrogen boru kəmərlərinin tikintisi də daxildir. Sözügedən layihənin Hindistan və Avropa arasında ticarəti 40 faiz artacağı gözlənilir.
İqtisadçı Kənan Quluzadə deyir ki, ümumdaxili məhsulun həcmində üstünlük təşkil edən ölkələr əsasən ixrac yönümlü ölkələr olmur: “Ona görə də bu layihənin yaxın 10 il ərzində yüksəlməsi sual altındadır. Lakin yaxın gələcəkdə əgər Qərbdən investorlar Hindistana yatırım etsələr, bu layihə təxminən 10 ildən sonra Hindistan iqtisadiyyatına gətirə biləcək dividentlərə sahib ola biləcək”.
G20 Zirvə görüşündə diqqət çəkən və rəsmi Kiyevin narazılığına səbəb olan ən vacib nüans isə müharibə ilə bağlı yumşaldıcı dil üslubu idi. Belə ki, G20 ölkələrinin birgə bəyanatında Ukrayna xalqının iztirablarına toxunulsa da, Rusiyanı müharibəyə görə birbaşa tənqid edən heç bir ifadə işlədilməyib. Başda Hindistan olmaqla, Braziliya, İndoneziya və Cənubi Afrika Ukrayna müharibəsi ilə bağlı daha sərt üslub istifadəsindən qaçınan siyasət yürüdüblər. Hətta Rusiyanı açıq qınayan bəyanatı heç vaxt təsdiq etməyəcəyinə diqqət çəkən bəzi diplomatlar torpaqların Moskvadan güc yolu ilə alına bilməyəcəyinə də eyham vurublar. Bu da özlüyündə ötən il Balidə keçirilən sammitdə Rusiyanı qınayan G20-nin məsələ ilə bağlı mövqeyini yumşaltması kimi şərh edilir.
Zirvə görüşünü analiz edən ekspertlər bu dəfəki qərarların pərdəarxasında müxtəlif məqsədlərin dayandığı fikrindədirlər. Onların sözlərinə görə "Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Layihəsi" ABŞ və Aİ-nin Çinin "Bir Kəmər, Bir Yol" layihəsinə qarşı aldığı tədbirlərin bir hissəsidir. Digər bir ehtimal isə Hindistanın gücünü artıracaq bu layihəni Çinin artan qlobal gücünə qarşı fürsətə çevirməkdir. Afrika Birliyinin təşkilata üzvlüyü ilə bağlı şərhlər də olduqca maraqlıdır. ABŞ və Qərb müstəmləkəçi dövlətləri Çin, Rusiya, Hindistan, Türkiyə və Yaponiya kimi qeyri-qərb ölkələrinin Afrikada artan varlığından narahatdırlar. Qitədə Qərb müstəmləkəçi ölkələrinə qarşı son hərbi çevrilişlər fonunda Birliyinin G20-yə tamhüquqlu üzv olması Afrikanın Qərb blokunun əlindən sürüşməsinin qarşısını almaq cəhdi kimi qiymətləndirilir.
İsmayıl
