00:00:00
Yazar
Admin User
13.11.2025 17:58 120 2 dəq oxuma
Siyasət

“G7 ölkələri Ukraynanın qələbə şansının sıfır olduğunu anlayıblar”

“G7 ölkələri Ukraynanın qələbə şansının sıfır olduğunu anlayıblar”

 

Kanadanın Ontario vilayətində keçirilən görüşdən sonra "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynada dərhal atəşkəsin elan olunmasına və danışıqların başlanmasına çağırış ediblər. G7 ölkələri həmçinin Ukraynanın maliyyələşdirilməsi məsələlərini, xüsusilə Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə imkanlarını müzakirə ediblər. Bəyanatda Rusiyanın Ukraynanın enerji infrastrukturuna son hücumları qınanıb və Ukraynanın enerji təhlükəsizliyinə dəstək bir daha təsdiqlənib.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Cavanşir Abbaslı bildirib ki, Ukraynanın imkanları getdikcə tükənir:

 

"Qələbə şansları demək olar ki, sıfıra enib. G7-ə daxil ölkələr 2014-cü ildə Rusiya qarşısında Ukraynanı tək buraxdıqları kimi, bu gün də eyni ssenari təkrarlanır. Artıq həmin dövlətlər Ukraynanın qələbə şansının demək olar ki, sıfır olduğunu başa düşüblər; əvvəlcədən də belə düşünürdülər və indi intensiv addımlar atırlar. Məncə bunun hər hansı bir faydası olmayacaq. Maliyyə məsələsinə gəldikdə isə, indiyə qədər Ukraynanın maliyyələşdirilməsindən və müəyyən dərəcədə silah təminatından başqa ciddi yardımların şahidi olmamışıq. Rusiyanın hücumlarının qınanılması isə daha çox imitasiyadır, belə hallar dəfələrlə baş verib və nəticə verməyib. Ümumiyyətlə, müharibələrdə bu cür bəyanatlar, hücumların qınanması adi haldır; Ukraynanın əhval-ruhiyyəsini yüksəltmək üçün toplantılar keçirilir, qərarlar qəbul edilir, ancaq bunlar təbii ki, Ukraynanın qələbə imkanlarını artırmır".


Həmçinin politoloq qeyd edib ki, bu atəşkəs çağırışı, təbii ki, heç bir real nəticə verməyəcək:

 

"Atəşkəs yalnız o halda mümkündür ki, hazırkı vəziyyətdə Ukrayna və Rusiya olduğu mövqelərdə qalsın və bu əsasda atəşkəs əldə olunsun. Bu variant Ukrayna üçün heç bir halda sərfəli deyil. Amma istənilən halda buna məcburdurlar. Artıq münaqişənin bir fazasından son fazasına keçmişik və bu çağırış da həmin son toplantılardan biri kimi qiymətləndirilə bilər. Aktivlər məsələsinə gəldikdə isə, beynəlxalq hüquq baxımından bu çox çətindir. Bu aktivlərin istifadəsi bəlkə də sabah və ya yaxın gələcəkdə mümkünsüz görünür. Bu, Ukraynaya yalnız ümid vermək məqsədi daşıyır, yəni daha çox imtahan xarakterli bir yanaşmadır. Ümumilikdə isə Rusiya aktivlərinin Ukraynada istifadəsi, hazırkı şəraitdə, real olaraq mümkünsüz görünür".


Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər