Gələn həftə vacib danışıqlar olacaq
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna və Amerika nümayəndə heyətləri sülh planının müddəaları üzərində işləməyə davam edəcəklər.
"Hazırda Rusiya Federasiyasına təzyiq göstərən, Ukraynanı bu təzyiqdən qoruyan hər kəsə təşəkkür edirəm. Biz bunu çox yüksək qiymətləndiririk və hər cür səyi görürük. Gələn həftə təkcə bizim nümayəndə heyətimiz deyil, mənim də mühüm danışıqlarım olacaq və biz bu danışıqlar üçün möhkəm təməl qoyuruq. Ukrayna möhkəm dayanacaq. Bizə kömək edən hər kəsə təşəkkür edirik! Ukraynanı sanki özləri kimi müdafiə edən hər kəsə təşəkkür edirəm",- Zelenski bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin sülh planı bölgədə sabitliyi təmin edə bilər:
“Təbii ki, ABŞ-nin sülh planı ətrafında müzakirələr davam edir. Görünür ki, Ukrayna da bunu yüksək qiymətləndirir. Vacib danışıqlardan sonra Rusiyaya qarşı təsir elementləri də, şübhəsiz ki, nəzərdən keçiriləcək. ABŞ-nin sülh planı ilə bağlı birgə iş bölgədə sabitliyin təminatçısı ola bilər. Lakin burada əsas Rusiya tərəfinin məsələyə hansı çərçivədə yanaşmasıdır. Ancaq ABŞ və Ukrayna arasındakı mövcud siyasi münasibətin nəticəsində Rusiyaya təzyiqin də artacağı labüddür. ABŞ-nin sülh planının Rusiya tərəfindən qəbul edilməsi üçün müvafiq addımların atılmasında Avropa İttifaqının da rolu vacibdir. Danışıqların nəticəsi yaxın zamanda təsirini göstərəcək”.
Lalə Qurbanlı
