“Əgər bu danışıqlar baş tutarsa,…”
Macarıstanın Xarici İşlər naziri Peter Siyarto bildirib ki, Donald Tramp və Vladimir Putin arasında mümkün görüş yalnız siyasi razılıq və real sülh gündəliyi mövcud olduğu halda baş tuta bilər.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə ”İnformator.az”a açıqlamasında bildirib ki, Macarıstan son illər Qərb və Şərq arasında körpü rolunu oynayan azsaylı Avropa dövlətlərindən biri kimi çıxış edib:
“O qeyd edib ki, Baş nazir Viktor Orban həm ABŞ, həm də Rusiya ilə balanslı münasibətlərin saxlanılmasına xüsusi önəm verir. Məhz bu siyasət Macarıstanı Qərbdəki digər dövlətlərdən fərqləndirir və ölkəni beynəlxalq diplomatiyada diqqət mərkəzinə gətirir. Trampın ikinci seçki kampaniyası ərəfəsində Orbanın həm Moskvaya, həm də Vaşinqtona səfərləri bu əlaqələrin dərinliyini nümayiş etdirir. O həmin səfərlər zamanı Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ilə görüşərək, enerji təhlükəsizliyi və sanksiya məsələlərini müzakirə edib. Bu diplomatik addımlar Orbanın ölkəsini Qərb-Rusiya qarşıdurmasında vasitəçi kimi təqdim etmək istəyindən qaynaqlanır. ABŞ-dən Rusiya nefti və qazını alan dövlətlərə qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, Macarıstan bu məsələdə fərqli mövqe nümayiş etdirib. Orban Vaşinqtonla apardığı danışıqlarda ölkəsinin enerji asılılığını nəzərə alaraq, sanksiyaların tətbiqinin müəyyən müddət təxirə salınmasına nail olub. Bu Tramp administrasiyası ilə qurulan şəxsi əlaqələrin və qarşılıqlı anlayışın nəticəsidir”.
Həmçinin şərhçi qeyd edib ki, hazırda ABŞ və Rusiya arasında ikinci “Tramp–Putin görüşü”nün Macarıstanda keçirilməsi ehtimalı real görünür:
“Bu görüşün Budapeştdə baş tutması həm simvolik, həm də strateji əhəmiyyət daşıya bilər. Bir tərəfdən, Macarıstan bu yolla özünü beynəlxalq diplomatiyada neytral vasitəçi kimi təqdim edəcək, digər tərəfdən isə ABŞ və Rusiya arasında dialoqun bərpasına töhfə verəcək. Bununla belə, Qərb dövlətlərinin böyük bir qismi bu təşəbbüsə ehtiyatla yanaşır. Avropa İttifaqına daxil olan bəzi ölkələr, xüsusilə də Baltik və Skandinaviya regionu dövlətləri, Macarıstanın Rusiya ilə yaxın münasibətlərini qəbul etmir və belə bir görüşün Aİ-nin mövqeyinə zərbə vuracağını düşünür. Buna görə də Avropa diplomatiyasında Finlandiya prezidenti Aleksandr Stubun görüşdə Aİ adından iştirak etməsi təklif olunur. Bu görüş təkcə ABŞ-Rusiya münasibətlərinə təsir etməyəcək, eyni zamanda Ukrayna böhranının gələcək istiqamətini müəyyənləşdirə bilər. Onun fikrincə, tərəflərin müzakirə edəcəyi əsas məsələ atəşkəs razılaşması, Ukraynanın neytral statusunun təmin olunması və NATO-ya inteqrasiya prosesinin dayandırılması ilə bağlı olacaq. Əgər bu danışıqlar baş tutarsa, Macarıstan özünü yeni beynəlxalq diplomatik mərkəz kimi təsdiqləyə bilər. Tramp və Putin kimi iki böyük siyasi fiqurun Budapeştdə görüşməsi həm Orban hökumətinin imicini gücləndirəcək, həm də Avropa siyasətində Macarıstanın nüfuzunu artıracaq. Bu təşəbbüs həm də gələn il Macarıstanda keçiriləcək parlament seçkiləri öncəsi Orban üçün siyasi dividendlər qazandıra bilər. O hesab edir ki, belə bir beynəlxalq hadisə hakim partiyanın mövqeyini möhkəmləndirəcək və Macarıstanı regionda sülhün təşəbbüskarı kimi göstərəcək”.
Ayşə Müzəfərli
