00:00:00
Yazar
Admin User
02.12.2025 17:52 114 2 dəq oxuma
Siyasət

Əgər bunu etsək, Rusiya cavab tədbiri görəcək

Əgər bunu etsək, Rusiya cavab tədbiri görəcək

Avropada dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi “qanunsuz müsadirə” olacaq. Bunu Slovakiya Baş naziri Robert Fitso bildirib. Fitso qeyd edib ki, Rusiya aktivlərinin müsadirəsi Rusiyanın cavab tədbirləri görməsinə gətirib çıxaracaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli açıqlama edib:

 

“Slovakiya və Macarıstan kimi dövlətlər Rusiyanın yanında yer aldıqlarını açıq şəkildə büruzə verirlər. Həm Macarıstan, həm də Slovakiya Ukraynanın əleyhinə mövqe tutmaqda davam edirlər. Ona görə də Slovakiya baş nazirinin açıqlaması reallıqdan tamamilə uzaqdır. Çünki beynəlxalq hüquq normaları Rusiyanın cəzalandırılmasını tələb edir. Rusiya müstəqil bir dövlətin ərazisinə hərbi müdaxilə edib, işğalçılıq savaşına başlayıb və Ukraynanın ərazilərinin bir qismini işğal edib. Eyni zamanda Ukraynanın şəhərlərini, kəndlərini dağıdıb, infrastrukturunu sıradan çıxarıb. Bu da təbii ki, Ukraynaya vurulmuş böyük bir zərbə və ziyandır. 

 

Təbii ki, bu ziyanın ödənilməsi lazımdır. Beynəlxalq hüquq normalarına görə, bu ziyanın əvəzinin ödənilməsi ilk növbədə Rusiyanın üzərinə düşür. Rusiyanın üzərinə düşürsə, deməli, Rusiyanın aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi tamamilə hüquqi cəhətdən doğru yanaşmadır. Rusiya borcludur ki, Ukraynaya vurduğu ziyanı ödəsin. Bu baxımdan, Slovakiya baş nazirinin açıqlaması beynəlxalq hüquq normaları ilə heç bir uyğunluğu olmayan yanaşma tərzidir. Rusiya təbii ki, buna etiraz edə bilər. Ancaq buna baxmayaraq, əgər kollektiv Qərb qətiyyətli mövqe tutarsa, onda Rusiyanın aktivlərinin Ukraynaya yönəldilməsi tamamilə mümkündür. Avropa Birliyi də bu mövqedən çıxış edir. Sadəcə, son vaxtlar ABŞ Rusiyayla müəyyən anlaşmalar əldə etdiyi üçün Ukraynanın əleyhinə olan mövqedən çıxış edir. Bütün bunlar onu göstərir ki, kollektiv Qərbin daxilində də ciddi parçalanma mövcuddur. Bu parçalanma beynəlxalq hüquq normaları bəhanə gətirilərək müəyyən manipulyasiyalara yol açır və bu manipulyasiyalar sırasında ilk növbədə Slovakiya və Macarıstan kimi dövlətlərin mövqeyi yer alır”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər