00:00:00
Yazar
Admin User
20.06.2025 15:52 254 3 dəq oxuma
Siyasət

Əgər, İran hakimiyyəti təhlükə altına düşsə...

Əgər, İran hakimiyyəti təhlükə altına düşsə...

İran İsrail tərəfində münaqişəyə müdaxilə etməyi qərara alan istənilən ölkəyə dərhal cavab verəcək. Bu barədə ölkənin İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib.

 

"Əgər bu hərəkətlərə hər hansı üçüncü tərəf müdaxilə edərsə, ona konkret plana uyğun olaraq dərhal cavab veriləcək", - bəyanatda bildirilib. Ümumiyyətlə üçüncü qüvvələr prosesə qoşularsa nə baş verə bilər? Hansı risklər var? 

 

Ədalət Hüquq Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu "İnformator.az"a müsahibəsində İsrail-İran münaqişəsi ilə bağlı suallarımızı cavablandırıb.  

 

İranın bu bəyanatı regionda hansı yeni alyansların yaranmasına səbəb ola bilər? 

 

- İranın bu bəyanatı əsasən ABŞ-yə ünvanlanıb. Çünki İsrailin İran üzərində mütləq qələbə qazanması üçün ABŞ-nin dəstəyi şərtdir. Amma ABŞ münaqişəyə qoşulmamağa çalışır. Çünki münaqişəyə qoşularsa, o zaman İran ilk növbədə Suriya və İraqda yer alan ABŞ-nin hərbi bazaları və diplomatik korpuslarını hədəf ala bilər. İranın Suriya və İraqda güclü beşinci kolonu var. Əsəd devriləndən sonra həmin qüvvələr Suriyada gözləmə mövqeyinə keçdilər. Əgər İran hakimiyyətinin mövcudluğu sual altına düşərsə, o zaman gözləmə mövqeyində olan bu qruplar hərəkətə keçəcək. Nəticədə ABŞ-nin Yaxın Şərqdəki mövqeləri təhdid altına düşəcək. Bu baş verəcəyi təqdirdə isə ABŞ ictimai rəyi Trampa qarşı kəskin mövqedə olacaq. Onsuz da ABŞ daxilində İranın vurulmasına qarşı olanlar kifayət qədər güclüdürlər və Trampın hakimiyyətə gəlməsində rol oynayıblar. Buna görə də Tramp maksimum çalışırdı ki, diplomatik yolla məsələni həll etsin və irəliləyiş də müşahidə olunurdu. İranın nüvə silahı əldə etməyəcyinə zəmanət verməsi ilə bağlı rəsmi mövqe Netanyahunun “İranın nüvə təhdidi” arqumentini əlindən aldı. Bundan sonra ABŞ-İran arasında razılaşmanın mümkünlüyündən narahatlıq duyan Netanyahu və ABŞ daxilindəki sionist lobbi Trampa ciddi təzyiq etdilər. Bundan sonra isə Tramp daha maksimalist mövqe nümayiş etdirərək, İranın ümumiyyətlə dinc məqsədlər üçün də uranın zənginləşdirilməsi proqramına son qoymasını tələb etdi. Danışıqlar prosesinin davam etdiyi zamanda isə İsrail İrana hücum etdi, nəticədə ABŞ-İran danışıqlarının pozulmasına nail oldu. Bu isə birmənalı olaraq Trampın mövqeyi ilə ziddiyyət təşkil edir. 

 

İndi isə ABŞ gözləmə mövqeyindədir və proseslərin hansı istiamətdə cərəyan edəcəyi bundan sonrakı proseslər üçün əsas şərtdir. Əgər Netanyahu İranla bağlı nəticə əldə edə bilməsə, o zaman bu planlar elə Netanyahunun özünə qarşı işləyəcək. Nəticədə İsrailin teokratik koalisiyasının çökmə ehtimalı güclənəcək. Bu isə elə Trampın özünə də sərf edir. Təkcə Tramp deyil, ümumiyyətlə Avropa İttifaqı ölkələri də Netanyahudan qurtulmaq istəyirlər. Ona görə də Netanyahu İranla bağlı bütün gücü ilə hərəkət edəcək ki, nəticə əldə etsin. Bu onun son şansıdır. Əgər burada da uğursuzluq olarsa o zaman İsraildə Netanyahuya qarşı sərt etirazlar başlayacaq, Həmasla bağlı nəticələr, korrupsiya ittihamları yenidən ön plana keçəcək və məhkəmə perspektivləri yaranacaq.

 

Bu bəyanat regional münaqişəni qlobal qarşıdurmaya çevirə bilərmi?

 

- Qlobal qarşıdurma riskinin olmamasını düşünənlər çoxdur. Amma istənilən halda bu risk var. Çünki münaqişə İranla əməkdaşlıq edən ölkələri-xüsusilə Rusiya və Çini narahat etməyə bilməz. Rusiya prezidentinin mətbuat katibi Peskov və Təhlükəsizlik Şurasının sədr müavini Medvedeyevin açıqlamaları, eyni zamanda Çin liderinin üstüörtülü bəyanatı İrana dəstək ehtimalını gücləndirir. Təbii ki, hazırda gizlin dəstək verilməsi ehtimalı çoxdur. MAQATE-dən İsraili qınayan açıqlamanın gəlməsi də dünya ictimai rəyinin İsrail əleyhinə olacağını deməyə imkan verir. Bütün bunlar isə prosesin uzanmasına gətirib çıxara bilər. Prosesin uzanması isə İsrail hökumətinin maraqlarına tamamilə ziddir. Bu o deməkdir ki, münaqişə uzandıqca İranın müqavimətinin qırılması çətinləşəcək və üçüncü qüvvələrin prosesə qoşulma ehtimalı güclənəcək. Bu nəinki bölgə, ümumiyyətlə dünya üçün fəlakət ola bilər. Amma eyni zamanda tam əksi də mümkündür. Yəni, üçüncü qüvvələrin prosesə qoşulması eyni zamanda diplomatik pəncərənin açılmasını da şərtləndirə bilər. 

 

 İran və İsrailin danışıqlar prosesinə qayıtması mümkündürmü?

 

- Danışıqlar prosesinin başlanması daha çox İranın müdafiə qabiliyyətindən, ABŞ-nin mövqeyi, həmçinin Çin və Rusiyanın yürüdəcəyi siyasətdən asılıdır. Bayaq qeyd etdiyim kimi, İranın müdafiə qabiliyyəti və münaqişənin uzanması bunun üçün əsas şərtdir.

 

 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər