Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib
Gürcüstanın Kaxeti regionunda ölkənin İqtisadiyyat və Davamlı İnkişaf, Azərbaycanın İqtisadiyyat, Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Gürcüstanın Ticarət və Sənaye Palatası (GCCI), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) birgə təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Forum üç ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir:
“Bu üç ölkə arasında kifayət qədər yaxşı əlaqələr və inteqrasiya mövcuddur. Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Cənub Qaz Dəhlizi layihələri üzrə və ümumilikdə bu ölkələr arasında, xüsusən də Azərbaycanın resursları ilə bağlı ciddi əlaqələr formalaşıb. Hazırda ölkələr bir araya gələrək, şirkətlərin iştirakı ilə mövcud problemləri və inkişaf imkanlarını müzakirə edirlər. Dəhlizlərin ötürmə qabiliyyətinin necə artırılması, inteqrasiyanın necə genişləndirilməsi, iqtisadi əlaqələrin və ticarətin necə yaxşılaşdırılması kimi məsələlər forum çərçivəsində müzakirə olunur. Bu forumun təsiri qəbul edilən qərar və razılaşmaların sonradan necə icra olunacağından asılı olacaq. Ümumilikdə isə belə görüşlər əlaqələrin daha da genişləndirilməsinə xidmət edir”.
Arzu Poladova
