Gürcüstan XİN Avropa Komissiyasının hesabatını qərəzli adlandırıb
Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa Komissiyasının genişlənməyə dair hesabatını siyasi cəhətdən qərəzli adlandırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Gürcüstan həqiqətən də olduqca çətin bir durumdadır:
"Onun torpaqları Rusiyanın işğalı altındadır Abxaziya və Cənubi Osetiya. Digər tərəfdən isə Gürcüstan Avropaya inteqrasiya yolunu tutub. Belə bir şəraitdə balans tapmaq və yaratmaq, demək olar ki, mümkün deyil. Rusiyaya arxa çevirmək Gürcüstan üçün 2008-ci ildə çox böyük faciə ilə nəticələndi. O gündən bu günə qədər Abxaziya və Cənubi Osetiya müstəqil dövlət kimi, sözün əsl mənasında, elan edilsə də, Rusiyanın işğalı altında qalır. Yəni Gürcüstanın bir nömrəli məsələsi həmin torpaqları Rusiyanın işğalından azad etməkdir. Bunu güc yolu ilə etmək mümkünsüz göründüyünə görə Gürcüstan hökuməti düşünür ki, Rusiya ilə anlaşmaya gedərək nəyəsə nail ola bilər. Belə bir şəraitdə Rusiyanın da istəklərinə uyğun davranmaq lazım gəlir. Rusiyanın istəyi isə Gürcüstanın Avropa İttifaqından, ümumiyyətlə, Avropadan uzaqlaşmasıdır. Ona görə də, Gürcüstan odla su arasındadır. Belə bir şəraitdə hər iki tərəf Gürcüstanı sıxışdırır. Avropa tərəfi də, Rusiya tərəfi də. Təbii ki, Gürcüstan da öz simasını qorumaq üçün buna reaksiya vermək məcburiyyətindədir. Ona görə də qərəzlilik məsələsi gündəmə gətirilir".
Siyasi şərhçinin sözlərinə görə, hətta son günlər bəzi avropalı ekspertlərin təhlillərinə də rast gəlirik:
"Onlar yaxın perspektivdə Avropa İttifaqına üzv ola biləcək dövlətlər sırasında Cənubi Qafqazın üç respublikasını da görürlər. Yəni Azərbaycanı da, Gürcüstanı da, Ermənistanı da. Mən düşünmürəm ki, Avropa İttifaqı ilə Gürcüstan arasında mövcud olan bu gərginlik əbədi və qalıcıdır. Bu, epizodik xarakter daşıyır. Belə hallar olub və yenə də olacaq. Amma son hədəfdə Gürcüstanın Rusiyadan birdəfəlik imtina edərək Avropaya üz tutacağını düşünürəm. Bir qayda olaraq, Avropa strukturları, o cümlədən Avropa Komissiyası insan hüquqları, demokratiya, iqtisadi azadlıqlar, din azadlığı və bu kimi məsələlərə xüsusi vurğu edirlər. Təbii ki, tənqid etmək istəyəndə özlərinə lazım olan faktorları tapıb bir araya gətirə bilirlər. Gürcüstanla bağlı da ortada belə bir vəziyyət var. Yəni istəsəydilər, Gürcüstanı dağ başına qaldırıb tərifləyə bilərdilər. Elə indi özlərinin tənqid etdiyi məsələləri görməzdən gələrək Gürcüstan haqqında xoş sözlər də deyə bilərdilər. Amma indiki şəraitdə bunu edə bilmədiklərinə görə Gürcüstanı məhz bu məsələlərlə bağlı ittiham edirlər".
Selcan Xudiyeva