"Həkim efirə gəlmədi, 1 saat tək danışdım" - Efirdə peşəkarlıq imtahanı
Təcrübə, həyəcan və peşəkar yanaşma...
Tanınmış teleaparıcı Xədicə Sənanqızı gənclərlə görüşündə məhz bu üç amilin uğurun təməli olduğunu vurğuladı.
30 ilə yaxın televiziya təcrübəsi olan aparıcı bu sahəyə gəlişinin təsadüfi olduğunu, lakin qazanılan nailiyyətlərin arxasında davamlı zəhmətin dayandığını bildirdi:
"Televiziyaya gəlişim təsadüf nəticəsində olub. Amma mən hər zaman öz üzərimdə işləmişəm. Bu sahəni seçdiyim üçün heç vaxt peşman deyiləm".
O, karyera pillələrində irəliləmək üçün yalnız istəyin kifayət etmədiyini qeyd etdi:
"Uğur üçün sevgi, fədakarlıq və zəhmət əsas şərtdir. Aparıcı, hər şeydən öncə, güclü müşahidəçi olmalıdır. Ətrafda baş verənləri, insan davranışlarını, hətta havanı belə analiz etməyi bacarmalıdır".
X. Sənanqızı gənc jurnalistlərə əsas tövsiyəsini araşdırma və hazırlıq prosesi ilə bağlı verdi. Onun fikrincə, mövzuya hakim olmamaq verilişin keyfiyyətinə birbaşa mənfi təsir göstərir.
Görüşdə aparıcı canlı yayım zamanı qarşılaşdığı çətin məqamlardan birini də bölüşdü. Bir dəfə efirə dəvət olunan həkim gəlmədiyi üçün proqramı tək idarə etmək məcburiyyətində qaldığını qeyd etdi.
"Mən həkim deyiləm, amma efir zamanı bir saat ərzində tamaşaçı zənglərini qəbul etdim, bildiklərimi bölüşdüm və proqramı yekunlaşdırdım. Sonda bu peşəkarlığım alqışlarla qarşılandı. Bu, bir aparıcının hər cür gözlənilməz vəziyyətə hazır olmasının vacibliyini sübut edir".
Tanınmış aparıcı gənclərə ekranda süni davranışlardan qaçmağı məsləhət gördü:
"Həyatda necəsinizsə, ekranda da elə olun. Süni davranış izləyicini uzaqlaşdırır. Unutmayın ki, televiziya çox böyük qüvvədir və heç bir platforma onu tam əvəz edə bilməz".
Görüşün sonunda Xədicə Sənanqızı gənclərə səbirli və məqsədyönlü olmağı tövsiyə edərək bildirdi ki, əsas hədəf tez tanınmaq yox, keyfiyyətli iş ortaya qoymaq olmalıdır:
"Əgər bu sahəni seçirsinizsə, vaxtınızın böyük hissəsini bu işə həsr etməyə hazır olmalısınız. Elə bir vaxt gələcək ki, illərlə qurduğunuz adınız artıq sizin üçün işləməyə başlayacaq".
Fəridə Sadıqzadə