00:00:00
Yazar
Ayan Sədi
03.07.2026 21:46 81 5 dəq oxuma
Sosial

Həm oxuyub, həm işləyən tələbələr: İnkişaf, yoxsa yorğunluq?

Həm oxuyub, həm işləyən tələbələr: İnkişaf, yoxsa yorğunluq?

Dərs və iş arasında balans quran minlərlə tələbə hər gün həm təhsilini davam etdirməyə, həm də işləyərək gələcəyini qurmağa çalışır.

 

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, həm oxuyub, həm də işləmək inkişaf üçün faydalı olsa da, düzgün balans qurulmadıqda psixoloji yorğunluq və tükənməyə səbəb ola bilər:

 

“Həm oxuyub, həm də işləmək tələbə üçün böyük inkişaf kimi görünsə də, bir müddətdən sonra ciddi psixoloji yük yarana bilər. Burada əsas problem iş, dərs və istirahət vaxtının düzgün bölünməməsidir. İlk növbədə, tələbələr anlamalıdırlar ki, hər şeyi mükəmməl etmək mümkün deyil. Nə işi, nə də dərsi mükəmməl şəkildə yerinə yetirmək mümkündür. İnsan özünü həddindən artıq işə və təhsilə həsr edib bədəninə və ruhuna vaxt ayırmadıqda, bir müddətdən sonra bu, ciddi psixoloji ağırlığa gətirib çıxarır. Bir sözlə, insanın özündən həddindən artıq gözlənti tələb etməsi tükənmənin əsas səbəblərindən birinə çevrilir. "Hər şeyə çatmalıyam, hər şeyə yetməliyəm" düşüncəsi həm fiziki, həm də emosional yorğunluq yaradır”.

 

Psixoloq qeyd edib ki, dərs, iş və istirahət arasında balansın qorunması, kifayət qədər yuxu və özünə vaxt ayırmaq tələbələrin psixoloji sağlamlığını qorumaq üçün vacibdir:

 

 “Ən vacib məsələ vaxtı düzgün planlaşdırmaqdır. Dərs, iş və istirahət arasında balans qorunmalıdır. Unutmamalıyıq ki, istirahət həm bədən, həm də beyin üçün çox vacibdir. İnsan fiziki və emosional olaraq dincəldikdə, psixoloji baxımdan da bərpa olunur. Davamlı işləyən və oxuyan beyin isə bir müddətdən sonra diqqətini, motivasiyasını və məhsuldarlığını itirə bilər. Digər əsas məqam yuxu rejimidir. Yuxu bədən və beyin üçün həyati əhəmiyyət daşıyır. Bir çox tələbələr gecələr ya işləyir, ya da dərs oxuyur və kifayət qədər yatmır. Halbuki yuxusuzluq yaddaşın zəifləməsinə, diqqət dağınıqlığına və emosional yorğunluğa səbəb ola bilər. Bundan başqa, tələbələr anlamalıdırlar ki, hər zaman hər yerə çatmaq mümkün deyil. Onlar "yox" deməyi də bacarmalıdırlar. Hər fürsəti dəyərləndirmək istəyi zamanla emosional tükənməyə səbəb ola bilər. Özlərinə vaxt ayırmalı, istirahət etməli, dostlarla ünsiyyət qurmalı, ailənin dəstəyini hiss etməli və sevdikləri işlərlə məşğul olmalıdırlar. Bütün bunlar stresi azaldır və insana yeni enerji ilə işinə və təhsilinə davam etməyə kömək edir”.

 

Həmçinin Nabat Mirzəyeva vurğulayıb ki, insan gələcəyini qurarkən bugünkü psixoloji sağlamlığını da qorumalı, özünü həddindən artıq yükləməməlidir:

 

"İnsan yalnız işləmək və oxumaq üçün yaşamamalıdır, özü üçün də yaşamalıdır. Unutmamalıyıq ki, insan özünü davamlı olaraq həddindən artıq yükləyərsə, məqsədinə daha tez çatmaz. Əksinə, tükənər və yarı yolda dayanmalı olar. Çünki gələcəyimizi qurmağa çalışarkən bugünkü psixoloji sağlamlığımızı itirmək ən böyük itkilərdən biri ola bilər. Gələcəyimizi sağlam şəkildə qurmaq istəyiriksə, buna sağlam psixologiya ilə addımlamalıyıq”.

 

Həmçinin sosioloq Elçin Bayramlı da öz fikirlərini “İnformator.az”la bölüşüb. Elçin Bayramlı bildirib ki, tələbələrin dərsdənkənar saatlarda işləməsi öz xərclərinin bir hissəsini qarşılamasına kömək edir:

 

"Bu, əslində normal haldır. Dünyanın, demək olar ki, bütün ölkələrində belə təcrübə var. Azərbaycanda da əvvəllər, o cümlədən Sovet dövründə bu təcrübə olub. Tələbələr boş vaxtlarında əmək fəaliyyəti ilə məşğul ola, işləyə bilərlər. Əsas şərt işin dərsə mane olmamasıdır. Yarımştat, bir neçə saatlıq və ya həftəsonu işləri tələbələrin həm zəhmətə alışmasına, həm boş vaxtlarını səmərəli keçirməsinə, həm də müəyyən gəlir əldə edərək öz xərclərini ödəməsinə imkan yaradar”.

 

Həmçinin sosioloq qeyd edib ki, tələbələr üçün ödənişli iş və praktika imkanlarının artırılması həm gənclərə, həm də ailələrə dəstək olar:

 

“Həyat təkcə kitab oxumaqdan ibarət deyil. İnsan zəhmətə qatlaşmalı, çətinlik görməli, peşə öyrənməli və ya öz sahəsinə uyğun praktiki təcrübə qazanmalıdır. Bu baxımdan, dövlət səviyyəsində xüsusi proqram hazırlamaq olar. Tələbələr müxtəlif müəssisələrdə, təşkilatlarda və sosial layihələrdə dərsə mane olmayan saatlarda, tətil dövründə və ya həftəsonları maaş və ya qonorar müqabilində çalışa bilərlər. İstehsalat sahələrində praktika keçmələri də faydalı olar. Bu, tələbə oxudan ailələrin yükünü də azaldar. Hazırda, xüsusilə Bakı şəhərində tələbə oxutmaq valideynlər üçün çox baha başa gəlir. Maddi imkansızlıq səbəbindən minlərlə tələbə təhsilini yarımçıq qoyur. Belə hallardansa, onların bir neçə saat işləyərək heç olmasa öz xərclərinin bir hissəsini ödəməsi daha məqsədəuyğundur. Şirkətlər, dövlət orqanları və müxtəlif təşkilatlar sosial məsuliyyət çərçivəsində tələbələr üçün iş imkanları yarada bilər. Bir çox ölkədə ictimai təşkilatlar tələbələri sosial layihələrə cəlb edir. Onlar həm cəmiyyət üçün faydalı fəaliyyət göstərir, həm də qonorar alaraq öz xərclərini qarşılayırlar. Azərbaycanda da bir çox tələbə işləyir. Ancaq buna ehtiyacı olan hər kəs iş tapa bilmir. Buna görə də sosial dəstək proqramlarının hazırlanmasına ehtiyac var”.

 

Sosioloq qeyd edib ki, tələbələrin dərsdənkənar işləməsi onların həm təcrübə qazanmasına, həm gəlir əldə etməsinə, həm də gələcəkdə əmək bazarına daha hazırlıqlı çıxmasına kömək edər:

 

“Tələbələrin əməyə alışması, dərsdənkənar vaxtlarını səmərəli keçirməsi və əlavə gəlir əldə etməsi gələcək karyeraları üçün də üstünlük yaradar. Məzun olduqdan sonra onlar artıq müəyyən praktiki təcrübəyə malik olar və əmək bazarına daha hazırlıqlı daxil olarlar. Bunun həm sosial, həm də iqtisadi tərəfləri müsbətdir. Gənc işçi qüvvəsi ölkəyə fayda verə bilər. Bundan əlavə, bəzi tələbələrin gündə cəmi 3–4 saat dərsi olur, qalan vaxtlarını isə əyləncəyə və ya faydasız məşğuliyyətlərə sərf edirlər. Həmin vaxtın faydalı əməyə yönəldilməsi daha məqsədəuyğundur. Əmək bazarında bir çox ölkə işçi qüvvəsi axtarır. Azərbaycanda da kifayət qədər əmək potensialı var. İş yerlərinin sayı artırılsa, çox sayda tələbə yarımştat işləyə bilər. Məsələn, bir ştat üçün nəzərdə tutulan vəzifəyə iki tələbə götürülərək növbəli iş sistemi tətbiq oluna bilər. Maaş 1000 manatdırsa, iki tələbə növbə ilə çalışıb hərəsi 500 manat əməkhaqqı ala bilər. Bu model həm tələbələr, həm də onların ailələri üçün faydalı olar”.

 

Aydan Əsgərxanlı

#yoxsa #gündəm #tələbələr: #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər