Hücum planı Trampa təqdim edilib
CBS telekanalı mənbələrə istindən məlumat yayıb ki, ABŞ hərbçiləri Amerika lideri Donald Trampa Venesuelaya qarşı yerüstü hədəflərə zərbələr də daxil olmaqla mümkün hərbi əməliyyatların yenilənmiş planlarını təqdim ediblər.
Məlumata görə, Ağ Evdə keçirilən müşavirədə Pentaqon rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn iştirak ediblər. Onlar Trampa yaxın günlərdə ABŞ hərbçiləri tərəfindən həyata keçirilə biləcək tədbirlər barədə məlumat veriblər.
Vurğulanır ki, Vaşinqton administrasiyası bu məsələ ilə bağlı hələlik hər hansı yekun qərar qəbul etməyib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın iddiaları ilə faktiki vəziyyət arasında paradoks yaranır:
“Burada paradoksal görünən odur ki, Tramp hakimiyyətə gəlməzdən əvvəl deyirdi ki, “Mən müharibələrin aparılmasına qəti etiraz edirəm və hakimiyyətə gəlsəm ikinci dəfə, mütləq şəkildə müharibələrə son qoyacağam”. İndi isə bildirir ki, guya bu səkkiz müharibədə münaqişəli vəziyyətdə sülhə nail olub. Hamını barışdırıb. Dünyada çox ürəkaçan, sabit bir vəziyyət yaranıb. Amma təbii ki, burada reallıqdan çox fantaziyalar səsləndirilir. Çünki elə ən azı Hindistanın baş naziri Narendra Modi Trampa açıq-aşkar bildirib ki, “Sənin bizim Pakistanla sülh sazişinə gəlib çıxmağımızda heç bir iştirakın olmayıb”. Belə baxanda ancaq Qafqaz bölgəsində- bizim problemlərimizdə az-çox xidməti var. O ki qaldı Venesuelaya, əlbəttə ki, burada Venesuelaya qarşı irəli sürülən bu ittihamlar hamısı əsassızdır, yersizdir. Çünki Amerika siyasətinin neo-imperialist tərzdə özünü təqdim etməsinin şahidi oluruq. Venesueladan Amerika sularına yaxın gələ biləcək heç bir vasitələri yoxdur. Xırda balıqçıların gəmiləridir, katerlərdir, hərbi gəmilərdir. Ancaq onların Amerika sularında heç bir işi yoxdur və zorla dünyanı inandırırlar ki, guya onlar narkotik daşıyırlar. Bunlar mən deyərdim ki, qondarma bəhanələrdir. Xüsusən də nəyə görə ABŞ indi Venesuelanı hədələyir və onu blokadaya almaq planı üzərində işləyir, eləcə də Pentaqona və qərargah rəislərinə tapşırıqlar verir? Məsələ burasındadır ki, Venesuelanın həqiqətən də çox nəhəng neft ehtiyatları var və vaxtilə bu ölkənin prezidenti Karlos Andres Perez demək olar ki, Amerikanın müttəfiqi yox, həm də əlaltısı idi. O zaman transmilli şirkətlər Venesuelada istədikləri oyunbazlığı edirdilər. Sonra bütün neftə yiyələnirdilər. Amma ondan sonra Uqo Çaves hakimiyyətə gəlir və Maduro da onun xələfidir. Təbii ki, vəziyyət köklü surətdə dəyişir. Biz xatırlayıq ki, bizə qədər Qoşulmama Hərəkatında sədrlik məhz Venesuelada idi. Ancaq Venesuelanın daxili ictimai-siyasi vəziyyəti, humanitar vəziyyəti gərgin olduğundan sözün əsl mənasında Maduro və onun ölkəsi bu təşkilatda sədrlik edə bilmir. Biz onları əvəz etdikdən sonra isə Prezident İlham Əliyev bu təşkilata yeni nəfəs verib və onu hərəkətə gətirib. Bizim bir neçə təşəbbüsümüz olub. Amma Venesuelanı ABŞ daim sıxışdırırdı, indi də sıxışdırıb və qoymur ki, nəfəs alsın. Eləcə də Maduro Vaşinqtonla dialoqa hazırdır. Ancaq Amerika bunu eşitmir”.
Ekspert qeyd edib ki, ABŞ-nin siyasəti və Trampın mövqeyi Cənubi Amerikada gərginlik yarada bilər:
“Digər tərəfdən görürük ki, həm də Nigeriyaya artıq təhdidlər yağdırır Trump. Deyir ki, guya bu ölkənin iki yüz qırx milyon əhalisi var. Onlardan cəmi yeddi-səkkiz faizi xristianlardır. Guya müsəlmanlar xristianlara divan tuturlar. Yenə də biz gəlib neft amilinə çıxırıq. Çünki Nigeriyanın da çox nəhəng, möhtəşəm ehtiyatları olur. Yəni biz görürük ki, Venesuela azad şəkildə Çinə neft satır. Digər tərəfdən də görürük ki, Çinlə Rusiya ilə bağlı Amerika bütün o alış-veriş kanallarını nəzarətə götürmək istəyir və ən minimum halda da onları qırmağa çalışır. Ancaq bu, inanmıram ki, düzgün bir qərar olsun. Çünki faktiki olaraq Cənubi Amerikada Birləşmiş Ştatların o qədər də çox dostu yoxdur. Odur ki, bu böyük bir dalğanı ayağa qaldıra bilər. Çünki ABŞ-nin, yenə deyirəm, Cənubi Amerikada bir o qədər də nüfuzu yoxdur və orada anti-imperialist mövqedən çıxış edən siyasi elitaların kifayət qədər gücü var və onlar həmrəy olub Venesuelaya dəstək göstərə bilərlər. Əlbəttə ki, Maduro hökumətinin də imkanları var. Bilirik ki, son günlər ərzində Çinin də, Rusiyanın da həm hərbi təyyarələri, həm gəmiləri artıq yan alıblar Venesuela sahillərinə və onlar əli boş gəlməyiblər. Silah-sursat da gətiriblər, lazımlı resurslar da gətiriblər. Faktiki olaraq siyasi dəstəyi də göstərirlər. Yəni Maduro bir qədər artıq öz güc imkanlarını, müdafiə imkanlarını genişləndirib. Düzdür, ABŞ-nin göstəriciləri fonunda onlar çox cüzi görünür, buna baxmayaraq müqavimət göstərməyi, hətta bir xalqı qaldırmağı və Amerikanın imperialist siyasətinə “yox” deməyi bacaracaqlar. Mən elə düşünürəm ki, Donald Tramp bu məsələyə özü də hazır deyil. Çünki ölkəsinin daxilində də vəziyyət bir o qədər sabit deyil. Tramp hakimiyyətə gəldikdə bir çox insana ruh verib, bildirib ki, bu insanların ehtiyaclarını ödəyəcək və s. Ancaq verdiyi vədlərin bir çoxu hələ də həllini tapmayıb. Nəhayət, onun bu tarif müharibəsində aktiv iştirak etməsi də demək olar ki, Amerikada inflyasiyanı daim yüksək səviyyəyə qaldırır. İnflyasiya olduğu halda da insanların alıcılıq qabiliyyəti azalır. Digər tərəfdən qiymətlər qalxır və istehlak səbəti də bir qədər zəifləyir. Ona görə düşünürəm ki, sırf Donald Tramp özü bu hədələrdən o yana, çox güman ki, keçməyəcək. Amma bəlkə də indi onun ətrafında olan “quzğunlar” artıq ona təkidlə desinlər ki, biz müharibəyə hazırıq. Amma fikrimcə, müharibə başlasa, ABŞ orada elə bir nəticə əldə edə bilməyəcək. Regionun özünəməxsus xüsusiyyətləri var. Cənubi Amerika bütövlükdə solçu mövqedə olan böyük bir qitədir. Mən elə başa düşürəm ki, faktiki olaraq Vaşinqton bu işə getsə, demək olar ki, o qitəni özünə qarşı bütövlüklə ayağa qaldıracaq”.
Lalə Qurbanlı
