“Hücumların sona çatması üçün həqiqi zəmanət istəyirik”
Misirdə HƏMAS-la İsrail arasında davam edən danışıqlarda təşkilatın nümayəndə heyətinə rəhbərlik edən Xəlil əl-Həyyə İsrailin Qəzzaya hücumların dayandırılması ilə bağlı əvvəlki öhdəliklərini yerinə yetirmədiyini vurğulayaraq hücumların qəti şəkildə sona çatması üçün həqiqi zəmanət tələb etdiklərini bildirib.
Məsələ ilə bağlı politoloq Elman Telmanoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və Qərb ölkələrinin rolu bu danışıqlarda həlledici xarakter daşıyır:
“ABŞ İsrailin əsas strateji tərəfdaşı olaraq onun hərbi və diplomatik siyasətinə birbaşa təsir imkanına malikdir. Bu səbəbdən, Qəzzada atəşkəsin davamlı olması və HƏMAS-ın tələblərinin qismən qəbul edilməsi üçün Vaşinqtonun mövqeyi həlledici amildir. Eyni zamanda, Avropa İttifaqı və Böyük Britaniya kimi Qərb oyunçuları humanitar yardımın artırılması və mülki itkilərin azaldılması yönündə təzyiq mexanizmləri vasitəsilə danışıqlara dolayı yolla təsir göstərirlər. Bununla belə, onların təsiri çox vaxt ABŞ-nin siyasi iradəsindən asılı olur. Nəticə etibarilə, Qəzzada real və davamlı sülhün əldə olunması üçün yalnız regional vasitəçilərin deyil, həm də Qərbin, xüsusilə ABŞ-nin zəmanətçi kimi prosesdə aktiv və balanslı şəkildə iştirak etməsi vacibdir”.
-Bəs “Zəmanət mexanizmi” konkret olaraq nədən ibarət ola bilər?
““Zəmanət mexanizmi” anlayışı siyasi və diplomatik kontekstdə tərəflərin əldə etdiyi razılaşmanın icrasına nəzarət edən və onun pozulmasının qarşısını almağı hədəfləyən mexanizmləri əhatə edir. Misir və Qətərin vasitəçiliyi ilə aparılan HƏMAS–İsrail danışıqları çərçivəsində belə bir mexanizm beynəlxalq müşahidəçilərin, BMT nümayəndələrinin və ya regional təhlükəsizlik qüvvələrinin iştirakını nəzərdə tuta bilər. Bu mexanizm razılaşma şərtlərinin, xüsusilə atəşkəsin qorunması, humanitar dəhlizlərin açıq saxlanılması və Qəzzaya yardımın maneəsiz çatdırılması, yerinə yetirilib-yetirilmədiyini izləməlidir. Digər tərəfdən, zəmanət mexanizmi diplomatik sanksiyalar və ya beynəlxalq hüquqi təzyiq formalarında da özünü göstərə bilər. Bu halda İsrailin öhdəlikləri pozduğu təqdirdə beynəlxalq ictimaiyyətin, xüsusilə BMT Təhlükəsizlik Şurasının və əsas vasitəçi ölkələrin reaksiyası ön plana çıxır”.
Çimnaz Telmanqızı
