Hüquqi savadsızlıq və vətəndaşların hüquqlarının müdafiəsi
İnsan hüquqlarının qorunması demokratik cəmiyyətin əsas dayaqlarından biridir. Hüquqların pozulması yalnız ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərir. Bu baxımdan maarifləndirmə, insanların öz hüquqlarını tanıması və onlardan istifadə edə bilməsi çox vacibdir.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan dünyəvi və hüquqi dövlət olaraq insan hüquqlarının qorunmasını qanunla təmin edir:
"Ölkə beynəlxalq hüququn subyekti kimi bir sıra konvensiyaları ratifikasiya edib və bu konvensiyaların müddəaları Azərbaycanda birbaşa hüquqi qüvvəyə malikdir. Eyni zamanda, məhkəmələr qərar qəbul edərkən həmin konvensiyaların müddəalarına istinad edir, bu da insan hüquqlarının qorunmasında beynəlxalq standartların tətbiqinə imkan yaradır. Beynəlxalq standartlarla ölkə qanunvericiliyi arasında bəzi fərqlər mövcuddur və bu fərqlərin aradan qaldırılması üçün konvensiyaların müddəalarının daxili qanunvericiliklə uyğunlaşdırılması zəruridir. Bu addımlar insan hüquqlarının qorunmasını daha da gücləndirir və hüquqi müstəvidə cəmiyyətin inkişafına töhfə verir. Hüquqi savadsızlıq cəmiyyətdə insan hüquqlarının qorunmasına birbaşa təsir göstərir. Vətəndaşlar qanunları bilmədikdə hüquqlarından düzgün istifadə edə bilmirlər, lakin bu, onların məsuliyyətdən azad olunması anlamına gəlmir. Bu səbəbdən vətəndaşlar müraciət zamanı vəkil və hüquqşünaslardan məsləhət almalı, dövlət hesabına hüquqi yardımlardan istifadə etməlidirlər. Maarifləndirmə və hüquqi biliklərin artırılması, xüsusən cinayət və mülki proseslərdə hüquqların qorunmasını təmin edən əsas vasitələrdəndir".
Son olaraq hüquqşünas qeyd edib ki, rəqəmsal dövrdə insan hüquqlarının qorunması daha mürəkkəb vəziyyət alıb:
"İnternet və sosial şəbəkələrdə saxta profillərdən istifadə, şəxsi məlumatların icazəsiz paylaşılması, müəllif hüquqlarının pozulması kimi hallar yeni çağırışlar yaradır. Bu problemlərin həlli üçün vətəndaşlar kibermütəxəssislərə müraciət etməli, şəxsi məlumatlarının qorunmasını təmin etməli və texnologiyanın imkanlarından düzgün istifadə etməlidirlər".

Sura Əliyeva
