Hər kəsin görə biləcəyi bu dramatik vəziyyət yenidən ürəyimi yandırır. Bu qədər qurbanlar, bu qədər məhv edilmiş həyatlar və ailələr, bu qədər dağıntılar, bu qədər ağlasığmaz iztirablar var.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Roma Papasının Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər, əlbəttə ki, Ukraynada baş verən acı həqiqətləri əks etdirir:
“Doğrudan da, 4 illik işğal dövründə Ukrayna çox ciddi itkilərə məruz qalıb. Həm yüz minlərlə insan həyatını itirib, həm də milyonlarla insan yüzlərlə dağıdılan yaşayış məntəqəsi, infrastrukturun məhv edilməsi və çox ciddi humanitar böhranla üz-üzə qalıb.
Roma Papası bu həqiqətləri beynəlxalq ictimai rəyə müəyyən təsir göstərmək niyyəti ilə səsləndirir və beynəlxalq səylərin birləşdirilməsini istəyir. Lakin nəzərə alsaq ki, Roma Papası dini hakimiyyətə malikdir, onun real təsir imkanları məhduddur. Hazırkı Papa ilə bağlı iddialara görə, onun Donald Trumpın maraqlarına uyğun şəkildə seçildiyi deyilir. Əlbəttə, bu, onun ABŞ-nin rəsmi mövqeyini ifadə etdiyi anlamına gəlmir.
Roma Papası xristian dünyasının çox önəmli fiquru və onların ruhani lideri sayılır. Onun açıqlamaları, şübhəsiz ki, müəyyən təsir göstərəcək. Amma düşünmürəm ki, bu çağırışlar Ukrayna müharibəsi ilə bağlı Qərb dövlətlərinin və böyük güclərin mövqeyində ciddi və kardinal dəyişiklik yaradacaq.
Bu, daha çox ruhani lider kimi humanist dəyərlərdən çıxış edərək səsləndirilən bəyanatlar və eyni zamanda böyük dövlətlərə ünvanlanan bir mesajdır. Lakin hesab etmirəm ki, bu bəyanat və çağırışlar həmin dövlətlərin Ukrayna siyasətində ciddi dəyişikliklərə səbəb olacaq”.
Səadət Əlizadə
