Hakan Fidan Patriotların Türkiyədə yerləşdirilməsinin səbəbini açıqlayıb
Yaxın Şərqdə artan gərginlik və ballistik raket təhlükəsi fonunda NATO Türkiyədə hava hücumundan müdafiə tədbirlərini gücləndirir. Alyans çərçivəsində qəbul edilən qərara əsasən, Türkiyənin Malatya bölgəsində “Patriot” sistemlərinin yerləşdirilməsi kollektiv müdafiə mexanizminin bir hissəsi kimi qiymətləndirilir. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, bu addım NATO-nun təhlükəsizlik strategiyasına uyğun olaraq atılıb və regionda artan risklər fonunda hava hücumundan müdafiənin əhəmiyyətini bir daha göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, NATO-nun Türkiyədə güclənməsi təhlükəsizlik tədbirləri ilə bağlıdır:
“Son hadisələr onu göstərir ki, İran və İsrail Türkiyəni savaşa sürükləmək üçün böyük səy göstərirlər. Türkiyəyə təhdidin artması NATO-nun hərəkətə keçməsini labüdləşdirir. ABŞ və İsrailin məqsədi Türkiyəni İranla üsləşdirmək, savaşdırmaqdır. Çünki ABŞ və İsrailə İranla müharibə böyük iqtisadi ziyanla müşayət olunur”.
Həmçinin ekspert bildirib ki, İsrail Türkiyəni İrandan sonra özü üçün təhdid hesab edir:
“Qəzza məsələsində Türkiyənin əzmli mövqeyini qırmaq məqsədi ilə mümkün qədər müharibəyə cəlb etməklə proseslərin məcrasını dəyişməyə cəhd edirlər. İranın daxilində ABŞ və İsrailin maraqlarına xidmət edən hərbi və siyasi fiqurlar var. Odur ki, Türkiyəyə raket atılmasına və müharibəyə cəlb olunmasına çalışırlar. İranın bir hədəfi də Türkiyə və Azərbaycanı müharibəyə cəlb edib bölgədə gərginlik yaratmaqla Zəngəzur dəhlizinə maneə yaratmaqdır. Çünki bununla bağlı İranın kəskin mövqeyi vardı və təbii ki, o bu mövzuda mövqeyini dəyişməyib. İran ABŞ və İsrailin hücumu qarşısında bölgəyə və müsəlman ölkələrinə maksimum zərər vurmaq istəyir. Türkiyə təmkinli davranır və müharibəyə qoşulmağa deyil, təhlükəsizliyinin güclənməsinə çalışır”.
Gövhər Mehyəddinova