Hakim Trampın bəyannaməsini dayandırıb
Federal hakim Prezident Donald Trampın beynəlxalq tələbələrin Harvard Universitetinə gəlməsinin qarşısını almağa yönəlmiş son cəhdini dayandırıb.
ABŞ-nin dairə hakimi Ellison Burrouzun cümə axşamı gecə verilmiş müvəqqəti qadağa qərarı, universitetin hakimi təcili müdaxiləyə çağırmasından bir neçə saat sonra çıxarılıb. Həmin çağırış Trampın bir gün əvvəl imzaladığı və ölkənin ən qədim və zəngin universiteti üçün yeni beynəlxalq tələbə vizalarının dayandırılmasını nəzərdə tutan bəyannamənin qarşısını almağa yönəlib. Xarici tələbələr Harvardın tələbə kontingentinin təxminən dörddə birini təşkil edir. Burrouzun qısa qərarında bildirilir ki, əgər o indi müdaxilə etməsə, universitet “bütün tərəflərin dinlənilməsindən əvvəl dərhal və düzəldilməsi mümkün olmayan zərər görəcək". Hakim qeyd edib ki, onun qərarı “məhkəmənin növbəti qərarına qədər qüvvədə qalacaq”.
Dəyişdirilmiş iddiada deyilir ki, Trampın bəyannaməsi ABŞ universitetlərində təhsil almaq və ya akademik mübadilə proqramlarında iştirak etmək üçün istifadə olunan vizalar vasitəsilə Harvard Universitetinə yeni qəbul olunmuş beynəlxalq tələbələrin demək olar ki, hamısının girişini müvəqqəti olaraq bloklamaqla birinci düzəlişi (söz və azadlıq hüququ) pozur.
Trampın bəyannaməsində Dövlət katibinə “F, M və J vizaları” ilə təhsil alan və bəyannamədəki “mezyaralara uyğun gələn” mövcud Harvard tələbələrinin vizalarının ləğv edilməsini nəzərdən keçirməsi tapşırılıb – bu barədə Ağ Ev bəyanat verib.
“Sadəcə bir imza ilə DHS katibi və Prezident Harvardın tələbə kontingentinin dörddə birini – universitetə, onun missiyasına və ölkəyə əhəmiyyətli töhfə verən beynəlxalq tələbələri – silməyə çalışıblar”, – dəyişdirilmiş iddiada deyilir. “Beynəlxalq tələbələri olmadan Harvard, Harvard olmaz”, – iddiada əlavə edilir.
CNN News
Fatimə Heydərova