Heydər Əliyev
Bəzən bir xalqın taleyi elə bir məqama gəlib çatır ki, həmin nöqtədən geri dönmək artıq mümkün olmur. Tarix bu dönüş anlarını yalnız az sayda millətlərə bəxş edir. Azərbaycanın belə taleyüklü məqamlarında xalqın qarşısına çıxan şəxsiyyət isə Heydər Əliyev olub.Onun liderliyi təkcə yüksək vəzifə ilə deyil, ən ağır dövrlərdə məsuliyyəti üzərinə götürmək iradəsi ilə ölçülürdü.
Heydər Əliyev haqqında çox yazılıb, çox deyilib. Lakin mənim üçün o, hər şeydən əvvəl çətinliklər qarşısında sınmayan əzm və mütəmadi olaraq ölkəni irəli aparmaq eşqi ilə yadda qalıb. 1969-cu ildə hakimiyyətə gəlişi təsadüf deyildi.O dövr intizam, dəqiq idarəetmə və geniş düşüncə tələb edirdi. O, həmin illərdə iqtisadi nizam-intizam yaratmağa, sənaye sahələrini dirçəltməyə, təhsil sistemini gücləndirməyə xüsusi önəm verirdi. Bu mərhələ Azərbaycan üçün sakit görünən, lakin inkişafın əsaslarını formalaşdıran ardıcıl və sistemli bir dövr idi.
Zaman dəyişdikcə ölkənin üzləşdiyi sınaqlar da ağırlaşdı. Sovet İttifaqının süqutu ilə Azərbaycan tamamilə yeni, mürəkkəb bir mərhələyə qədəm qoydu. Qorxu, xaos və qeyri-müəyyənlik cəmiyyəti müşayiət edirdi. Məhz belə bir vaxtda 1993-cü ildə Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıdışı ölkə üçün sanki “ikinci nəfəs”, “yenidən başlamaq imkanı” oldu. Bu dəfə onun çiyinlərindəki yük daha ağır idi: davam edən müharibə, daxili qarşıdurmalar, iqtisadi çöküş və idarəetmə boşluğu. Bu, sadəcə hakimiyyətə dönüş yox, dövlətçilik missiyasını yenidən üzərinə götürmək idi.
Heydər Əliyev həmin çətin illərdə dövlətçiliyin bərpasını, ölkənin dağılma təhlükəsindən xilas edilməsini özünün əsas vəzifəsinə çevirdi. O, sabit hakimiyyət qurdu, dövlət institutlarını möhkəmləndirdi, daxili nizamı bərpa etdi. Tarixdə bəzən rəhbərlər texniki qərarlarla yada düşür, bəzən isə göstərdikləri iradə və inadla seçilirlər. Heydər Əliyev ikinci kateqoriyaya aid şəxsiyyətlərdəndir ən riskli anda ağır qərarları verməkdən çəkinməyən liderdir.
Onun hakimiyyət dövrünün mühüm istiqamətlərindən biri də Azərbaycanın dünyaya açılmasını təmin edən enerji siyasəti olub.Neft müqavilələri, beynəlxalq əməkdaşlıqlar, infrastruktur layihələri və xarici əlaqələrin genişləndirilməsi ölkənin gələcək inkişaf xəritəsini müəyyənləşdirən strateji addımlar idi. O dövrdə bu qərarlar bəzən sadəcə iqtisadi layihə kimi görünürdü, amma bu Azərbaycanın müstəqil və güclü dövlət kimi formalaşmasının təməllərini qoyurdu.
Heydər Əliyevin ən böyük miraslarından biri onun qətiyyətlə səsləndirdiyi bir cümlədir:
“Azərbaycanın müstəqilliyi əbədidir.”
Bu sözlər sadəcə siyasi şüar deyildi. O illərin reallığında bu ifadə həm cəsarət, həm də böyük məsuliyyət tələb edirdi. Çünki ölkə ayaqda qalmaq üçün hər şeyi yenidən qurmaq məcburiyyətində idi.
Bu gün geriyə baxanda daha aydın görünür ki, liderlik təkcə kabinetlərdə verilən qərarlar deyil. Liderlik xalqın qorxusunu azaldan bir səs, qaranlıq anlarda ümid verən bir inam, ən çətin zamanlarda “biz bacaracağıq” deyə bilən qətiyyət deməkdir. Heydər Əliyev haqqında müxtəlif fikirlər səslənə bilər, lakin onun həmin iradənin, həmin əzmin simvollarından biri olduğu danılmazdır.
Tarix heç kəsə üstünlük etmir, amma öz izini zamanın gərgin məqamlarında göstərənlər üçün xüsusi yer ayırır. Heydər Əliyev də Azərbaycan tarixində elə həmin yerdə dayanır, fikirlərdən asılı olmayaraq, bir xalqın dönüş nöqtəsində onun yanında olan və taleyə təsir edən şəxsiyyət kimi.
Cavahir Əsgərbəyli
