Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanla aparılan sülh prosesini qlobal müharibə və gərginliklər fonunda “uğur hekayəsi” adlandırıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, yeni dünya nizamının formalaşdırıldığı, ayrı-ayrı regionlarda münaqişələrin alovlandığı bir vaxtda Bakı və İrəvan həqiqətən də “uğur hekayəsi” təqdim edir:
"Cənubi Qafqazda müharibə dövrünün qapanması digər regionlar üçün nümunə oldu. İllərdir bir-birini düşmən kimi görən xalqlar bu gün sülhü, sərhədlərin açılmasını, ticarəti müzakirə edir. Buna görə də Hikmət Hacıyev Armen Qriqoryanla birlikdə “Euronews”a verdiyi müsahibədə Azərbaycan və Ermənistan rəhbərliyinin ixtilafları bir kənara qoyub sülhə doğru irəlilədiyini xüsusi vurğulayır. Bu isə region üçün yeni əməkdaşlıq və inkişaf imkanları açır. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda yaranan sülh mühiti Rusiya, İran və Fransa kimi regionda münaqişədən bəslənən ölkələrin maraqlarına ciddi zərbə vurub. Azərbaycan və Ermənistan müxtəlif səviyyələrdə kənar müdaxilələr olmadan birbaşa təmaslar qurur. İndi yaranmış vəziyyəti daha da irəli apara bilmək üçün etimad mühitinin yaradılması vacibdir ki, bu məsələ də “Euronews”a verilən müsahibədə geniş müzakirə edilib".
Aişə Mustafayeva
