Hikmət Hacıyev Almaniya XİN-in dövlət katibi ilə regional məsələləri müzakirə edib
“Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik. Azərbaycan həmişə Almaniya ilə dost və yaxşı münasibətlərə malik olub”, - Hikmət Hacıyev qeyd edib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda narahatlıq doğuran sahələrdən biri, Avropanın bəzi strukturlarında Almaniyadan olan deputat və nümayəndələrin zaman-zaman Azərbaycan əleyhinə tendensiyalara qoşulmalarıdır:
" Azərbaycanla Almaniya arasında diplomatik münasibətlər dinamik və inkişaf yönümlü səviyyədədir, bu da normal və stabil əməkdaşlıq mühitini əks etdirir. Hər iki ölkənin diplomatik və digər rəsmi səviyyəli nümayəndəlikləri fəaliyyətini davam etdirir və son dövrlərdə iki ölkə arasında diplomatik sahədə hər hansı ciddi problem müşahidə olunmayıb. İki ölkə arasında intensiv inkişaf edən sahələrdən biri ticarətdir. Bununla yanaşı, daha böyük potensiallar və əməkdaşlıq imkanları da mövcuddur. Xüsusilə Almaniyanın bərpa olunan enerji sahəsində zəngin təcrübəyə və inkişaf etmiş infrastrukturuna malik olduğunu bilirik. Nəzərə alsaq ki, Azərbaycanın, xüsusən işğaldan azad olunmuş ərazilərində bu sahədə geniş imkanlar mövcuddur, əməkdaşlıq üçün ciddi əsaslar var. Bu istiqamətdə Almaniya-Azərbaycan əməkdaşlığının yeni səhifələrini açmaq mümkündür. Bundan əlavə, bölgədə sülh prosesinin irəliləməsində Almaniyanın təsir imkanları nəzərə çarpacaqdır. Almaniya Ermənistanla uzun müddətdir yaxşı münasibətlərə malikdir və bu ölkəyə müəyyən təsir gücünə sahibdir. Bu şəraitdə Almaniya, Ermənistana təsir göstərərək bölgədə sülh prosesini dəstəkləyə bilər. Azərbaycan-Almaniya əməkdaşlığında önəmli istiqamətlərdən biri də Avropa İttifaqı ilə münasibətlərdə Almaniyanın vasitəçi və dəstəkçi roludur. Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi üçün real imkanlar və ehtiyaclar mövcuddur. Açıq şəkildə demək olar ki, Azərbaycanın Avropa İttifaqında lobbiçilik fəaliyyətinin genişləndirilməsi və bu qurumla daha yaxın əməkdaşlığın qurulması baxımından Almaniya mühüm rol oynaya bilər. Hazırda narahatlıq doğuran sahələrdən biri, Avropanın bəzi strukturlarında Almaniyadan olan deputat və nümayəndələrin zaman-zaman Azərbaycan əleyhinə tendensiyalara qoşulmalarıdır. Hesab etmək olar ki, bu cür fəaliyyətlərin məhdudlaşdırılması Azərbaycan-Almaniya münasibətlərinin inkişafına daha uyğun olar. İstənilən budur ki, Almaniyanın siyasi dairələri bu kimi meyillərə rəvac verməsin və onların qarşısını almaqda prinsipial mövqe sərgiləsinlər. Bütün hallarda, Avropanın ən böyük iqtisadiyyatlarından biri olan Almaniya ilə Azərbaycanın əməkdaşlığı hər iki ölkəyə mühüm faydalar verir. Eyni zamanda, Azərbaycanın qlobal Şimal və qlobal Cənub arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımlar Almaniyanın prioritetləri ilə də uyğunluq təşkil etməlidir. Bu həm Avropa ölkələrinin enerji təchizatında Azərbaycanın rolunun artması, həm də Qərb, o cümlədən, Almaniya dəyərlərinin qlobal Cənubda yayılmasına müsbət təsir göstərə bilər. Azərbaycan-Almaniya münasibətlərinin hazırkı səviyyəsi normal, dinamik və inkişaf yönümlüdür. Gələcək perspektivlərdə isə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur".
Səmayə Səftərova
