Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki, Azərbaycan hər zaman NATO ilə xüsusi tərəfdaşlıq əlaqələrinə malik olub:
"Ölkəmiz heç bir halda NATO-nun hansısa üçüncü ölkəyə qarşı yönəlmiş hərbi əməliyyatlarında iştirak etməyib. Bu, Azərbaycanın müstəqil xarici siyasət kursuna uyğun mövqedir. Azərbaycanın siyasəti heç bir halda Rusiyaya qarşı yönəlməyib və hərbi blokların qarşıdurmasında tərəf olmayıb. Bununla yanaşı, Azərbaycan NATO ilə əməkdaşlığın inkişafında daim maraqlı olub və bu istiqamətdə mühüm addımlar atıb. Azərbaycan, xüsusilə terrorizmə qarşı mübarizə, sülhməramlı missiyalar və beynəlxalq təhlükəsizliyin qorunması sahələrində NATO-nun etibarlı tərəfdaşı kimi tanınıb. Ölkəmizin Bosniya, İraq və Əfqanıstanda sülhməramlı missiyalarda iştirakı bu əməkdaşlığın real təzahürüdür. NATO rəsmiləri, o cümlədən baş katib Jens Stoltenberg də Azərbaycanın bu səylərini yüksək qiymətləndirib. Xüsusilə, Əfqanıstandakı son proseslər zamanı Azərbaycanın rolu diqqət çəkib. Stoltenberg qeyd edib ki, yalnız dörd ölkə - ABŞ, Böyük Britaniya, Türkiyə və Azərbaycan - orada sonda qədər qalaraq həm hərbçilərin, həm də mülki vətəndaşların təhlükəsiz çıxışına şərait yaradıb. Bu, Azərbaycanın nə dərəcədə etibarlı və qətiyyətli tərəfdaş olduğunu sübut edir. Diqqətçəkici məqam ondan ibarətdir ki, Avropa İttifaqının heç bir ölkəsi bu mərhələdə fəal iştirak etməyib. Amma Azərbaycan, Türkiyə və Britaniya ön planda olublar. Azərbaycan Ordusu Kabil Hava Limanının təhlükəsizliyini son ana qədər təmin edib və bu, beynəlxalq aləmdə yüksək dəyərləndirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın NATO ilə münasibətləri sadəcə siyasi bəyanatlardan ibarət deyil, əməli fəaliyyətlə sübut olunmuş bir əməkdaşlıqdır. NATO-nun bölgə ilə bağlı - Yaxın Şərq və Mərkəzi Asiya kontekstində - müəyyən strateji maraqları var. Azərbaycan bu baxımdan da əvəzsiz bir tərəfdaş rolunu oynayır. Azərbaycanın adı bir çox qlobal məsələlərdə hallanır. İstər Fələstin böhranı, istər də regional sabitlik kontekstində. Bu, ölkəmizin beynəlxalq etibar qazandığını və ABŞ-NATO dairələrində strateji tərəfdaş kimi qəbul edildiyini göstərir. Nəticə olaraq, Azərbaycanın NATO ilə əməkdaşlığı həm tarixi təcrübəyə, həm də bugünkü reallığa əsaslanır. Bu münasibətlər gələcəkdə də davam etdirilməli və daha da dərinləşdirilməlidir”.
Cavahir Əsgərbəyli
