Hindistan həddindən artıq isti hava ilə mübarizə aparır: ölənlər var
Şimal və mərkəzi Hindistanın bəzi bölgələrində şiddətli istilik dalğası hökm sürür. İlkin təsbitlərə görə, Dehlidə 52,3 dərəcə temperatur qeydə alınıb. Təsdiq edilsə, bu, Hindistanda indiyə qədər qeydə alınan ən yüksək temperatur olacaq.
Bu həftə ölkənin 37-dən çox şəhərində 45 dərəcədən yuxarı temperatur qeydə alınıb.
İstilərlə bağlı ölkədə indiyədək ən azı 3 nəfər ölüb.
Hindistan Meteorologiya İdarəsindən (IMD) Soma Sen Roy BBC-yə bildirib ki, Dehlinin Munqeşpur bölgəsində 52,3 dərəcə istilik yaşanıb və bunu təsdiqləmək üçün bölgəyə bir qrup göndərilib.
IMD, Dehlinin müxtəlif yerlərində 45,2 ilə 49,1 dərəcə arasında dəyişən temperaturun qeydə alındığını və 52,3 dərəcə temperaturun bunlarla müqayisədə "ən yüksək" ola biləcəyini açıqladı.
Şəhərdə su qıtlığının olduğunu və bəzi ərazilərə suyun çatdırılmasının mümkün olmadığını bildirən səlahiyyətlilər, suyu israf edənlərə cərimə tətbiq edəcəkləri ilə bağlı xəbərdarlıq edib.
Su naziri Atishi, insanların avtomobillərini şlanqlarla yumasının qarşısını almaq üçün 200 komandanın təyin ediləcəyini açıqladı.
BBC-nin Dehlidəki müxbiri Arunoday Mukharji, "Son bir neçə gündə dözülməz dərəcədə isti idi və günlər keçdikcə daha da pisləşdi" dedi.
Həftənin əvvəlində yerli sakinlərdən biri ANI xəbər agentliyinə bildirib ki, isti hava səbəbindən yemək yemək belə çətinləşib: "Əvvəllər istilərlə üzləşmişdik, amma bu dəfə dözülməz hiss olunur. Çöldə dayanmaq belə çətindir".
İstiyə tab gətirmək üçün şəhər sakinləri kondisionerlərə, soyuduculara və tavan ventilyatorlarına müraciət ediblər. Bu səbəbdən şəhərin elektrik enerjisinə olan tələbatı tarix boyu ən yüksək həddə çatıb.
İstehlakçı məhkəməsinin hakimi kondisionersiz işləmək üçün çox isti olduğunu dedikdən sonra çərşənbə axşamı onun işlərinə baxmağı dayandırdı.
Hindistanın şimal-qərbində, o cümlədən Dehlidə bir çox bölgə üçün qırmızı həyəcan siqnalı verilib.
Dehlidə ailə həkimi kimi çalışan Dr. Çandrakant Lahariya BBC Dünya Xidmətinə açıqlamasında bildirib ki, istilər zamanı xəstəxanalara müraciətlər də artıb.
Lahariya, yüksək temperaturun təsirinin tikinti işçiləri, eləcə də əvvəlcədən mövcud şərtləri olan yaşlılar üçün daha pis olduğunu söylədi.
Dehli leytenant qubernatoru tikinti sahələrində çalışan işçilərə üç saatlıq ödənişli fasilə vermək qərarına gəlib. Qubernator müavini işçilərə su verilməsini istəyib.
IMD Regional Prezidenti Kuldeep Srivastava, Dehlidə temperaturun artmasının səbəbinin Racastan əyalətindən gələn isti küləklər olduğunu bildirdi.
Racastan ştatının Churu və Haryana əyalətinin şimalındakı Sirsa şəhərlərində də 50 dərəcədən yuxarı temperatur qeydə alınıb.
Yerli mətbuatın məlumatına görə, Bihar əyalətinin şərqindəki Şeyxpura şəhərində bir çox tələbə yüksək temperaturdan huşunu itirərək xəstəxanaya yerləşdirilib.
