Hindistanın Rusiya ilə birgə hərbi təlimlərdə iştirakı narahatlıq doğurub
Hindistan “Qərb-2025” hərbi təlimlərində iştirak etmək üçün 65 nəfərlik hərbi kontingentini Rusiyaya göndərib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, hazırda Hindistan həm Rusiyanın hərbi təlimlərində iştirak edir, həm də manevrli siyasət aparır:
"Hindistanın millətçi-şovinist baş naziri Modi ilə Putinin münasibətləri maraqlı oldu. Onlar çox mehriban görüşdülər. Hətta maşında Putin Modini yanına oturtdu, birlikdə bir az maşında gəzdilər, söhbət etdilər. Bu, açıq-aşkar mehribanlığın göstəricisidir.Bilirsiniz, dünya artıq qütbləşir, bəziləri isə deyir ki, çoxqütblü olur. Məncə, hətta “qütbsüzlük” də formalaşır. Çünki hər regionda bir ölkə çıxıb deyir ki, mənim öz maraqlarım var və həmin maraqlara görə istədiyimi edəcəyəm. Heç kim də ona diktə edə bilmir. Hindistan bu gün böyük nümayəndədir. Əhali baxımından dünyanın ən böyük ölkəsidir. Büdcə göstəricilərinə görə isə bir neçə il əvvəl Britaniyanı keçdi. Bu onlar üçün tarixi uğurdur. Çünki Britaniya vaxtilə onların müstəmləkəçisi olub. İndi isə Hindistan Britaniyanı iqtisadi göstəricilərdə ötüb keçir. Bu da onlar üçün prinsipial məsələdir. Hazırda Hindistan həm Rusiyanın hərbi təlimlərində iştirak edir, həm də manevrli siyasət aparır. Qərblə münasibətlərini qoruyur, Rusiya ilə əməkdaşlıq qurur, Çinlə münasibətlərini normallaşdırır. Eyni zamanda, Hindistan öz nüfuzunu qaytarmaq üçün çalışır. Pakistanla qısamüddətli qarşıdurmada Hindistan gözləmədiyi zərbə aldı. Bu da Hindistan üçün nüfuz itkisi oldu. Ona görə indi həm özünü təsdiqləmək, həm də mövqeyini gücləndirmək üçün addımlar atır. Məlumdur ki, Hindistan Rusiyanın neftini alan iki böyük ölkədən biridir. ABŞ da bunu görür və təzyiqlərini artırmağa çalışır. Çinlə birlikdə Hindistanın bu mövqeyi Qərbdə narahatlıq doğurur. Amma bütün bunlara baxmayaraq, Hindistan Rusiya ilə yaxınlaşmanı davam etdirir. Fikrimcə, bundan sonra ABŞ-nin hansı səviyyədə həmlələr edəcəyi müəyyən edəcək ki, Hindistanla Rusiyanın münasibətləri necə tənzimlənəcək".
Qəmər Kazımzadə