00:00:00
Yazar
Admin User
17.11.2025 17:29 129 2 dəq oxuma
Siyasət

HƏMAS ABŞ-nin qətnaməsinə qarşı çıxıb

HƏMAS ABŞ-nin qətnaməsinə qarşı çıxıb

ABŞ BMT Təhlükəsizlik Şurası üzvləri arasında yaydığı Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul edilərsə, anklavda vəziyyət yaxşılaşmayacaq. Bu barədə HƏMAS sözçüsü Hazem Qasem “Əl-Cəzirə”yə deyib.

 

HƏMAS sözçüsü Hazem Qasem “Əl-Cəzirə”yə bildirib ki, ABŞ-nin təqdim etdiyi qətnamə layihəsinin düzəlişləri Qəzzada vəziyyəti sabitləşdirmir. Onun sözlərinə görə, real addım kimi atəşkəsi gücləndirən və beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verən alternativ sənəd qəbul oluna bilər. Qasem əlavə edib ki, HƏMAS Qəzza, Qərb Sahili və Qüdsdə İsrail təcavüzünü dayandıracaq və fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnu təmin edəcək qətnamədə israrlıdır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlama edib:

 

“Həmasın ABŞ-nin hazırkı qətnamə layihəsini rədd etməsinin əsas səbəbi, prosesin ilk günlərindən Vaşinqtonun bir­mənalı şəkildə İsrail yönlü siyasət aparmasıdır. Həmas rəhbərliyi yaxşı anlayır ki, bu şəraitdə ABŞ-nin irəli sürdüyü hər hansı həll paketinə güvənmək real nəticə verməyəcək. 

 

Digər tərəfdən, münaqişənin başlamasından artıq iki ildən çox vaxt keçsə də, ABŞ-nin bölgədə vəziyyəti sabitləşdirməyə, humanitar durumu yaxşılaşdırmağa və təhlükəsizliyi təmin etməyə yönəlik addımları effekt verməyib. Bu səbəbdən Həmasın Vaşinqtona olan etimadı ciddi şəkildə azalıb və təşkilat hazırki qətnamə layihələrini məqbul və ya ümidverici hesab etmir”. 

 

H. Səhrablı qeyd edib ki, Həmasın alternativ sənəd hazırlamaq niyyəti bölgədə real dəyişikliklərə əsaslanır:

 

“Bu konsepsiya, əsasən, İsrailin təsirinin tam şəkildə azaldılması və bölgədən çıxarılması kimi hədəfləri nəzərdə tutur. Lakin bu, indiki şəraitdə qeyri-mümkündür. Çünki hərbi üstünlük İsrailin tərəfindədir və Qəzzanın bir hissəsinə faktiki nəzarət edir. Həmasın isə buna qarşı dayanacaq gücü yoxdur. Belə bir durumda hansı qətnamənin İsraili geri çəkilməyə məcbur edə biləcəyi sual altındadır, xüsusən də Qərbdə – eləcə də ABŞ-də – İsraili açıq şəkildə dəstəkləyən ölkələr var ikən”. 

 

Müsahibimiz Həmasın öz müqəddəratını təyin etmə tələbi ilə bağlı bildirib ki, bu məsələ hazırkı siyasi prosesə mənfi təsir göstərə bilər:

 

“Çünki Həmas bir sıra ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. Hətta onu belə tanımayan dövlətlər Fələstin məsələsində qanuni hakimiyyət kimi Həması deyil, hazırkı Prezident Mahmud Abbas administrasiyasını qəbul edirlər. Belə olduğu halda, Həmasın müstəqillik və ya öz müqəddəratını təyin etmə iddiası iki problem yarada bilər: Birincisi, Fələstin daxilində “iki hakimiyyətlilik” görüntüsü güclənə bilər ki, İsrail bunu öz maraqları naminə bəhanə kimi istifadə edər. İkincisi, bu cür addım İsraili dəstəkləyən ölkələr tərəfindən Həmasa qarşı daha sərt və radikal hərbi əməliyyatlar siyasi-diplomatik əsas yaratmaq üçün bir fürsətə çevrilə bilər”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər