00:00:00
Yazar
Admin User
27.05.2025 14:40 158 2 dəq oxuma
Dünya

HƏMAS ABŞ-nin təkliflərini niyə rədd edib?

HƏMAS ABŞ-nin təkliflərini niyə rədd edib?

Fələstinin HƏMAS hərəkatı ABŞ-nin Qəzza zolağında atəşkəs şərtləri ilə bağlı təklifilə razılaşmayıb. Bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

Uitkoff HƏMAS-ın hərəkətlərini məyusedici və tamamilə qəbuledilməz adlandırıb.

 

Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, böyük ehtimalla HƏMAS, ABŞ-nin təkliflərini ümumi Fələstin ideologiyasına zidd olduğu üçün qəbul etməyib:

 

“Çünki HƏMAS-ın da özünəməxsus şərtləri var və hələlik Qərb dünyasında, xüsusilə də ABŞ-də bu şərtlərə yetərincə ciddi yanaşılmır. Əksinə, əks tərəfdən HƏMAS-a müəyyən tələblərin diktə olunmasına cəhd göstərilir.

 

Bu baxımdan, HƏMAS müqavimət göstərmək yolunu seçmiş kimi görünür. Bu isə olduqca riskli bir yoldur və bölgədə silahlı münaqişənin yenidən alovlanması ehtimalını artırır. Görünən odur ki, Fələstin problemi yaxın gələcəkdə də ciddi siyasi böhran kimi qalmaqda davam edəcək. Ümumilikdə isə ABŞ-nin Yaxın Şərqi yenidən formalaşdırmaq planları hələlik reallaşmaqdan uzaqdır”.

 

Politoloq əlavə edib ki, bu səbəbdən ehtimal olunur ki, ABŞ həm diplomatik danışıqlar masasında, həm də döyüş meydanında İsrail vasitəsilə HƏMAS-a qarşı təzyiqləri artırmağa çalışacaq:

 

“Bu təzyiqlərin intensivliyi və mürəkkəbliyi HƏMAS-ın gələcək addımlarını müəyyənləşdirə bilər. Əgər təzyiqlər qarşısı alınmaz xarakter alarsa və çıxılmaz vəziyyət yaranarsa, HƏMAS-ın geri çəkilmə ehtimalı da tamamilə istisna edilmir.

 

Lakin əgər HƏMAS-ın müqavimət potensialı və mövcud vəziyyətə qarşı dayanıqlılığı yetərlidirsə, qarşıdurmanın və gərginliyin bir müddət də davam etməsi real görünür. Bu kontekstdə, yaxın vaxtlarda ABŞ-nin Yaxın Şərqi yenidən dizayn etməyə yönəlmiş planları müəyyən mənada gecikə və ciddi maneələrlə qarşılaşa bilər. Böyük ehtimalla bu proses hələ bir müddət uzanacaq”.

 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər