00:00:00
Yazar
Admin User
14.10.2025 15:25 113 2 dəq oxuma
Siyasət

HƏMAS açıqlayıb:

HƏMAS açıqlayıb:

 

HƏMAS hərəkatı Qəzza zolağındakı döyüşçülərinin tərksilah edilməsi məsələsinin şişirdildiyini bildirir və həll olunacağına inanır.

 

Bu barədə “Al Arabiya” telekanalı HƏMAS nümayəndəsinə istinadən məlumat yayıb.

 

“Tərksilah mürəkkəb və qarışıq məsələdir, lakin biz buna həll yolu tapacağıq. Bizim yalnız əsas silahlarımız var, bu problem şişirdilir”, - deyə bildirilib.

 

Mövzu ilə əlaqədar Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bölgə qeyri-qanuni silahlanmanın mərkəzinə çevrilib və burada vəziyyət sabit deyil:

 

“Zatən bir tərəfdə dövlət strukturu mövcud deyil, bu da idarəetməni və nəzarəti çətinləşdirir. Dünyanın müxtəlif yerlərindən bu istiqamətə silah qaçaqmalçılığı həyata keçirilir və bu, böyük kampaniyalarla aparılır.

 

Bu baxımdan, HƏMAS-ın tərksilah məsələsinin “şişirdilmiş” adlandırılmasının da bir neçə səbəbi var. Çünki HƏMAS bölgədə fəaliyyət göstərən yeganə silahlı təşkilat deyil. Məsələyə diqqətlə yanaşmaq lazımdır: əgər HƏMAS barışığa razı olub tərksilah prosesini qəbul edirsə, bu, bölgədəki digər silahlı qrupların da eyni addımı atacağı anlamına gəlmir. HƏMAS silahı yerə qoysa belə, digər qruplaşmalar silahlı toqquşmaları davam etdirə bilərlər”. 

 

Əziz Əlibəyli qeyd edib ki, digər vacib məqam odur ki, HƏMAS-ın özü də vurğulayır: silahlar təkcə onların əlində deyil:

 

“Bu, tərksilah prosesinin reallığı ilə açıqlamalar arasında fərqin yaranmasına səbəb olur. Yəni, HƏMAS təşkilat olaraq tərksilah qərarını icra edə bilər, amma digər qruplar buna razılıq verəcəkmi? Onlar da bu prosesə qoşulacaqlarmı? Üstəlik, HƏMAS tərksilah edildikdən sonra bölgədə baş verən digər qrupların terror aktlarına görə məsuliyyət kimdə qalacaq – bu da açıq sual olaraq qalır.

 

Bütün bu məsələlər regional güc balansı və sülh təşəbbüslərinə birbaşa təsir göstərir. Şübhəsiz ki, sülh təşəbbüslərinin həyata keçirilməsi böyük çətinliklər yaradır. Dünən Misirdə keçirilən Şarm əl-Şeyx görüşündə də əsas qərarlar bölgədə Amerikanın planının işləməsi istiqamətində idi. ABŞ bölgədə qalıcı sülhün təmin olunmasını istəyir, lakin eyni zamanda bölgənin idarəçiliyində İsrailin deyil, bir növ Amerikanın təsirinin olmasına çalışır.

 

Bu vəziyyətdə digər dövlətlərə də ciddi məsuliyyət düşür. HƏMAS təkbaşına qərar qəbul etsə, bu qərarı digər güc mərkəzləri qəbul etməyə bilər. Digər tərəfdən, İsrail rəhbərliyi də daxilində problemlər yaşayır, çünki Netanyahunun hökuməti koalisiyadır. Əgər koalisiya ortaqları razılaşmanın şərtlərini qəbul etməzsə, bu, hökumətin mövqeyinə necə təsir edəcək? Bütün bunlar bölgədə sülhün taleyini müəyyən edəcək çox ciddi və açıq qalan suallar olaraq qalır”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər