HƏMAS heç bir rol oynamayacaq
HƏMAS Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq. Bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.
O qeyd edib ki, HƏMAS və digər qruplaşmalar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidir.
“Fələstin Milli Administrasiyası silahsız, qanuni təhlükəsizlik qüvvələri ilə vahid dövlət yaratmağa çalışır”.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki HƏMAS-ın prosesdən kənarlaşdırılması Abbas rejiminin Fələstinin müstəqilliyi istiqamətində atdığı addımdır:
“HƏMAS-ın siyasi prosesdən kənarlaşdırılması, Mahmud Abbas rejiminin Fələstinin müstəqilliyinin bir sıra Avropa və digər dövlətlər tərəfindən tanınması fonunda gələcəyə hesablanmış addım kimi qiymətləndirilə bilər. Çünki HƏMAS bir çox ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. Bununla yanaşı, bəzi dövlətlər onu “azadlıq ordusu” adlandırsa da, digərləri terror təşkilatı hesab edir. Bu isə ikili yanaşma fonunda təzadlı bir mənzərə yaradır.
Bununla belə, Mahmud Abbas rejimi – yəni beynəlxalq miqyasda qanuni hakimiyyət kimi qəbul edilən Fələstin Milli Administrasiyası – xalqın iradəsini təmsil edən legitim hakimiyyət orqanı sayılır. Məhz buna görə də hazırda Fələstinin müstəqilliyinin tanınması məsələsi daha da aktuallaşıb. Artıq bir sıra Avropa və digər dövlətlərin tanıması fonunda bu uğurun daha da inkişaf etdirilməsi yolları axtarılır.
Lakin HƏMAS-ın tam ləğvi məsələsinin real olub-olmaması və bunun Fələstində tam birliyi təmin edib-etməyəcəyi sual altındadır. Çünki HƏMAS elə bir ideoloji baza formalaşdırıb ki, xüsusilə Qəzza əhalisinin böyük hissəsi onu öz müdafiəçisi kimi görür. Kimlərinsə onu terrorçu, kimlərinsə azadlıq mücahidi adlandırmasından asılı olmayaraq, HƏMAS Qəzza xalqının bir parçasına çevrilib. Buna görə də təşkilatın birdən-birə sıradan çıxarılması asan proses olmayacaq”.
Həşim Səhrablı qeyd edib ki, silahların təhvil verilməsi məsələsinə gəldikdə isə, bəlkə də HƏMAS rəhbərliyi müəyyən kompromislərə gedə bilər:
“Lakin ayrı-ayrı döyüşçülərin asanlıqla silahı yerə qoyması real görünmür. Hətta təşkilatın siyasi bürosu özünü buraxmaq barədə qərar qəbul etsə belə, fərdi qruplar fəaliyyətini davam etdirməyə çalışa bilər. Bu halda HƏMAS-ın parçalanmasından və zamanla siyasi səhnədən çəkilməsindən danışmaq mümkündür”.
Siyasi şərhçi son olaraq açıqlamasına əlavə edib ki, Fələstin Milli Administrasiyasının sabitlik yaratma ehtimalına gəldikdə isə, burada əsas məsələ beynəlxalq tanınmadır:
“Əgər Fələstin dövləti bütün dünya tərəfindən rəsmi şəkildə tanınsa, bu, iki dövlətli həll yolunun qəbul edildiyini göstərəcək. Belə olan halda, Administrasiyanın əsas vəzifəsi yalnız daxildəki narazı qrupları sakitləşdirmək olacaq.
Əslində, indiyə qədər Fələstindəki qruplar arasında fikir ayrılıqlarının yaranma səbəbi müstəqilliyə gedən yolun fərqli təsəvvür edilməsiydi. Əgər Fələstin beynəlxalq miqyasda dövlət kimi tanınsa, bu, onların əsas məqsədinə çatmaları demək olacaq. Beləliklə, daxildəki fikir ayrılıqlarının davam etməsi üçün əsas səbəb də aradan qalacaq”.
Ləman Mahmudlu
