00:00:00
Yazar
Admin User
14.10.2025 14:21 124 3 dəq oxuma
Siyasət

“Həmas İsrail ordusunun Qəzzadan tam çıxmasını tələb edir, amma …..”

“Həmas İsrail ordusunun Qəzzadan tam çıxmasını tələb edir, amma …..”

Misirdə imzalanan sülh razılaşması İsrail və HƏMAS arasında uzun müddətdir davam edən qarşıdurmanın yumşaldılması üçün mühüm addım kimi qiymətləndirilir. Lakin tərəflər hələ də bir-birini atəşkəsi pozmaqda ittiham edir, bölgədə tam sabitlik bərqərar olmayıb və strateji suallar hələ cavabsızdır.

 

Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, imzalanan razılaşma hələlik taktiki xarakter daşıyır və strateji nəticə verməkdən uzaqdır:

 

“Misirdə baş tutan görüş əslində sülhün əldə olunması üçün yekun addım deyil, müzakirələrin başlanğıcıdır. Trampın təqdim etdiyi sənəddə bir sıra qeyri-müəyyən maddələr var. Məsələn, razılaşmada Fələstin dövlətinin yaradılması ilə bağlı konkret müddəa yoxdur. Əksinə, sənəd Qolan təpələri, İordan çayının qərb sahili və Qüdsdə İsrailin suverenliyini tanıyır ki, bu da bir çox İslam ölkələri, o cümlədən Türkiyə və Misir qəbul etmir. Sənəddə nəzərdə tutulan islahatların kim vasitçəliyi ilə və hansı meyarlarla qiymətləndiriləcəyi hələ də müəyyən deyil. Bu, sülh prosesinin uzanmasına və Fələstin dövlətinin yaradılmasının gecikməsinə səbəb olacaq”.


Həmçinin şərhçi qeyd edib ki, Həmas İsrail ordusunun Qəzzadan tam çıxmasını tələb edir, amma razılaşmada yalnız müəyyən əraziyə çəkilməsi göstərilib:

 

“Bu fikir ayrılığı bölgədə gərginliyin davam etməsinə səbəb olur və uzunmüddətli həll imkanlarını zəiflədir. Türkiyə bu prosesdə vasitəçi rolunu oynayır və Həması diplomatik yolla razı salmaq üçün aktiv fəaliyyət göstərir. Türkiyənin məqsədi odur ki, razılaşma çərçivəsində atəşkəs qüvvədə olsun, girovlar azad edilsin və humanitar yardım Qəzzaya çatdırılsın. Razılaşmanın taktiki xarakter daşıması diplomatik mübarizəyə yol açır. Razılaşmanın ilk mərhələsində atəşkəs elan ediləcək, girovlar azad olunacaq və humanitar yardım dərhal çatdırılacaq. Bu, danışıqların davam etməsi üçün ilkin şərait yaradır. Lakin Həmas bəyan edib ki, İsrailin müəyyən etdiyi qaydada silahları təhvil verməyəcək. Bu isə gələcək müzakirələrin mürəkkəb olacağını göstərir. Prosesdə Türkiyənin vasitəçilik rolu çox önəmlidir, çünki Ankara həm İsrailin, həm də Həmasın razılaşmaya əməl etməsini təmin etməyə çalışır. Netanyahu hökuməti qalarsa, sülh prosesi real nəticə verməyəcək. İsrail daxilində artıq atəşkəs məsələsinə dair fikir ayrılıqları yaranıb, hökumət daxilində parçalanma müşahidə olunur. Bu isə İsrailin siyasi stabilliyinə zərbədir. Hazırda sülh razılaşması yalnız müvəqqəti gərginliyi azaltmaq məqsədi daşıyır və qalıcı həll üçün uzun yol var. Həmçinin, İsrailin daxili siyasətindəki dəyişikliklər və Həmasın mövqeyi sülh prosesinin gələcək mərhələlərini birbaşa təsir edəcək. Sülh prosesinin davam etməsi üçün yalnız tərəflərin deyil, həm də region ölkələrinin və beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir. Türkiyə, Misir və ABŞ bu prosesi izləyir və müəyyən məqamları tənzimləməyə çalışır. Uzunmüddətli sülh üçün İsrail-Fələstin münasibətlərində hər iki tərəfin razılığa gəlməsi, Qəzzanın bərpası və Fələstin dövlətinin yaradılması ilə bağlı konkret addımların atılması vacibdir. Əks halda, atəşkəs yalnız müvəqqəti olacaq və bölgədə gərginlik davam edəcək”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər