HƏMAS könüllü olaraq tərksilah olmazsa, ABŞ bunu zorla edəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS könüllü şəkildə silahlarını təhvil verməsə, Amerika Birləşmiş Ştatları bu prosesi zorla həyata keçirəcək.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bir neçə gün əvvəl Qəzza sammiti keçirilib və həmin sammitdə 4 ölkə ABŞ, Misir, Türkiyə və Qətər Qəzza bölgəsində atəşkəsin elan olunması barədə razılıq əldə ediblər:
“Təbii ki, bu regionda sülhün və sabitliyin təmin olunması baxımından olduqca böyük əhəmiyyət daşıyan razılaşmadır. Lakin bu razılaşmanın reallaşdırılması üçün təhlükəsizlik təminatları ilə bağlı hansısa mexanizmlər yoxdur. Bu baxımdan hesab etmək olar ki, indilik Yaxın Şərqdə tam sabitliyin yaranması ehtimalı o qədər də yüksək deyil. Ona görə də ABŞ müəyyən mexanizmlər yaratmağa çalışır. Amma bu birtərəfli xarakter daşıdığından hansı səviyyədə uğurlu olub-olmayacağı məlum deyil. ABŞ və Prezident Tramp hazırda yalnız HƏMAS-a təzyiq göstərməyə çalışır, tərki-silah olmasını istəyir. Bu da onu göstərir ki, Yaxın Şərqdə regional sülhün və sabitliyin təmin olunması üçün hüquqi və hərbi mexanizmlərin yaradılması olduqca vacibdir. Belə mexanizmlər hələki mövcud deyil. Qəzza sammitində 4 ölkənin imzaladığı razılaşma hər an pozula biləcək bir sənəd təsiri bağışlayır. Həmin sənədin icrası pozularsa, sənədə imza atmış ölkələrin reaksiyası olduqca kəskin ola bilər. Bu baxımdan indi Yaxın Şərq olduqca taleyüklü bir mərhələdən keçir. Bu mərhələdə də maraqlı tərəflərin, xüsusilə də sənədin imzalanmasında iştirak edən 4 ölkənin mövqe və reaksiyası əhəmiyyət daşıya bilər”.
Çimnaz Telmanqızı
