“Hörmüz boğazında 20 faizlik yük qlobal qiymət artımını sürətləndirə bilər”-ŞƏRH
ABŞ Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə görə daşınan bütün yüklərin dəyərinin 20%-i həcmində kompensasiya alacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, əgər Hörmüz boğazından keçən yüklərə əlavə 20 faizlik maliyyə yükü tətbiq edilərsə, bu qlobal logistika zəncirinə ciddi təsirini göstərə bilər:
“Hörmüz boğazı dünyanın ən strateji marşrutlarından biridir. Gündəlik neft tələbatının təqribən 20 faizi, mayeləşdirilmiş təbii qaz tələbatının təqribən 30-35 faizi bu boğaz vasitəsilə keçir. Belə bir əlavə xərc nəqliyyat şirkətlərinin əməliyyat xərclərini artırır və nəticədə bu xərc yükü mərhələli şəkildə idxalçılara, istehsalçılara və son istifadəçilərə gəlib çıxa bilir. Birinci məsələ bundan ibarətdir ki, beynəlxalq yükdaşıma və logistika xidmətlərinin qiymətlərində belə olduğu halda kəskin artım riskləri müşahidə oluna bilər. Daşıma xərclərinin yüksəlməsi xüsusilə də enerji məhsulları, kimya məhsulları və Asiya-Avropa ticarət marşrutları üzrə yükdaşımalara daha çox öz təsirini göstərə bilər. Alternativ marşrutlardan istifadə həm məsafəni uzadır, həm də çatdırılma müddətini artırır. Belə olanda da logistika xərcləri artır. Hörmüzə konkret olaraq analoq, alternativ bir marşrut olmadığına görə çox ciddi araşdırma həyata keçirmək lazımdır.Neft və mayeləşdirilmiş təbii qaz bazarında qiymətlərin artması ehtimalı güclənir. Hazırkı fiziki tədarükdə problem yaranmasa belə, bazarlar bu cür risklərə əvvəlcədən reaksiya verir və belə olduqda əlavə risk premiumu daxil edirlər. Yəni bazarlarda psixoloji amillər də qiymətlərin yüksəlməsinə səbəb ola bilir. Xüsusilə də Asiya bazarında mayeləşdirilmiş təbii qazın tədarükü üçün Hörmüz boğazı olduqca strateji əhəmiyyət daşıdığından bu seqment daha həssas hesab olunur”.
İqtisadçı qeyd edib ki, enerji və logistika xərclərinin artması qlobal inflyasiya təzyiqlərini artıra bilir:
“Hörmüz bazarında əlavə xərclər neft məhsullarının qiymətinin bahalaşmasına gətirib çıxara bilir. Bu bahalaşma da özü ilə bir yerdə inflyasiyanı gətirir. Enerji demək olar ki, bütün istehsal və xidmət sahələrinin əsas xərc komponentidir. Yanacaq bahalaşdıqca daşınma, istehsal və satış xərcləri artır. Bu da ərzaqdan sənaye məhsullarına qədər geniş məhsul çeşidinin qiymətində öz təsirini göstərir. Azərbaycan baxımından qiymətləndirsək, bir neçə məqama nəzər salmalıyıq. Ölkə enerji ixracatçısı olduğu üçün neft qiymətlərinin yüksəlməyi qısa müddətdə ixrac gəlirlərinə və dövlət büdcəsinə öz müsbət təsirini göstərə bilir.Bu qiymətlərin bahalaşmağı özü ilə bir yerdə inflyasiyanı da gətirir. İdxal olunan məhsulların daşınma xərclərinin artması daxili bazarlarda bəzi məhsullar üzrə qiymət artımına səbəb ola bilər. Yəni enerji ixracından əldə olunan əlavə gəlirlərlə idxal inflyasiyası arasında müəyyən tarazlıq yaranacaq. Yəni burada qazandığımızı digər tərəfdə vermək məcburiyyətində qalacağıq.
Belə bir maliyyə yükü həqiqətən tətbiq olunarsa, onun təsiri Hörmüz boğazından keçən yüklərlə məhdudlaşmayacaq. Bu, beynəlxalq logistika zəncirinə, enerji bazarlarına və qlobal inflyasiyaya təsir göstərə biləcək ən əhəmiyyətli amillərdən biri olacaq. Lakin yekun təsirin miqyası tətbiq olunacaq mexanizmdən, onun hüquqi əsaslarından, müddətindən və bazar iştirakçılarının reaksiyasından da çox şey asılı olacaq”.
Nuray Əliyeva