Hörmüz boğazında gərginlik: Tehran dünya iqtisadiyyatını sınağa çəkir
Son vaxtlar İranın region ölkələrinin enerji infrastrukturlarına zərbələr endirməsi və Hörmüz boğazı üzərində nəzarəti gücləndirməsi beynəlxalq diqqəti cəlb edən strateji addımlar kimi qiymətləndirilir. Ekspertlər, o cümlədən iranşünas Janna Vardanyan, bu hərəkətləri müharibənin “qiymətini artırmaq” strategiyasının tərkib hissəsi hesab edir. Məqsəd qlobal enerji daşıyıcılarının qiymətində kəskin artımlar yaradaraq münaqişəyə cəlb olunan tərəfləri sülhə daha tez məcbur etməkdir.
Eyni zamanda, bu vəziyyətin İran cəmiyyətinə təsirləri qarışıqdır: ölkədə iqtisadi böhran dərinləşir, sosial gərginlik arta bilər və ABŞ-nin ölkədaxili siyasi vəziyyəti destabilizasiya etmək cəhdləri fonunda yeni etiraz dalğalarının baş verməsi istisna edilmir.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a bildirib ki, İran Hörmüz boğazı vasitəsilə dünya iqtisadiyyatına təsir etmək istəyir. Bunun nəticəsində beynəlxalq aləmin ABŞ və İsrailə qarşı təzyiq göstərməsi hədəflənir. İran əsasən qlobal enerji təhlükəsizliyinə risklər yaratmaqla ABŞ və İsraili bir növ həyata keçirdikləri hücumlara görə peşman etməyə çalışır:
"Ancaq bu risklərin uzunmüddətli olacağı ehtimalı azdır. İsrail və ABŞ artıq İranın güc strukturlarının böyük hissəsini zərərsizləşdirib. Bir çox hallarda isə İranın hələ ki qlobal problemlər yaratmasına qəsdən şərait yaradılır ki, dünya hansı təhlükə ilə üz-üzə olduğunu görsün. Bununla göstərilmək istənilir ki, ABŞ dünya iqtisadiyyatını İran rejimi kimi təhlükəli bir qüvvədən qoruyur. Əslində, ABŞ-İsrail cütlüyünün hərbi resursları Hörmüz boğazında İranı neytrallaşdırmağa imkan verir. Lakin burada İran obrazı vasitəsilə digər qüvvələri də təhdid edib münaqişəyə cəlb etmək marağı mövcuddur. Eyni zamanda, ABŞ İrana müdaxilənin məsuliyyətini bölüşmək üçün digər tərəflərə, hətta NATO-ya müraciət edir.
İran isə öz növbəsində regionda gərginliyi artırmaqla guya bu məntəqədə təhlükəsizliyin qarantı olduğunu göstərməyə çalışır. Halbuki regionda təhlükəni onun özü yaradır. Körfəz və region ölkələrinin enerji infrastrukturunu hərbi hədəfə almaqla İran, təbii ki, Hörmüz boğazı üzərindən situasiyaya uyğun siyasi və iqtisadi istiqamətlərini müəyyənləşdirir.
Hərbi qarşıdurma ilə yanaşı, iqtisadi müharibə də davam edir. İranın yaratdığı Hörmüz gərginliyi ABŞ və İsrailin müdaxiləsi qarşısında böyük risklər yarada bilməsə də, proses başa çatana qədər qlobal enerji təhlükəsizliyi üçün qısamüddətli risklər formalaşdırır".
Mehriban Yariyeva