Hər bir vətəndaşa 2 min dollar ödəniləcək
ABŞ Prezidenti Donald Tramp tariflərdən əldə edilən gəlir hesabına vətəndaşlara (zənginlər istisna olmaqla) 2 min dollar ödəniş ediləcəyini bildirib.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımlı açıqlamasında bildirib ki, Donald Tramp hakimiyyətə başladığı dövrdə onun reytinqi ilə bugünkü reytinqi arasında kifayət qədər ciddi geriləmə var:
“Donald Tramp bunu da çox gözəl anlayır və bu baxımdan müəyyən addımlar atmaqla ictimai rəyin yenidən nüfuzunu artırmağa çalışır. Nəzərə alsaq ki, son keçirilən seçkilərdə Nyu-York ştatına verilən vəzifəyə Trampın qəti əleyhdarı kimi tanınan şəxs seçilib, bu da Tramp və Respublikaçılar Partiyası üçün ciddi bir siqnal sayılıb. Bu baxımdan müəyyən tədbirlər görməklə növbəti dönəmə qədər Donald Tramp həm özünün, həm də partiyasının reytinqinin artırılması haqqında düşünməlidir və bu istiqamətdə addımlar atacağı da istisna deyil. Belə addımlardan biri də tariflərdən əldə olunan gəlirlər vasitəsilə vətəndaşlara 2000 dollar vəsaitin ödənilməsi məsələsidir. Bu xüsusilə ABŞ-də orta və aşağı təbəqəli vətəndaşlar arasında Donald Trampın nüfuzunu artırmaqla hesablanmış addımdır. Nəzərə alsaq ki, birinci prezidentlik dönəmində həyata keçirdiyi iqtisadi islahatlar və atdığı addımlar ABŞ iqtisadiyyatı üçün ciddi töhfələr verib. Sadəcə olaraq pandemiya Donald Trampın reytinqinə ciddi şəkildə zərbə vurub və o, seçkiləri uduzub. Düşünürəm ki, 2000 dollarlıq vəsait, əhalisi 300 milyon olan bir ölkədə kifayət qədər böyük rəqəmdir. ABŞ iqtisadiyyatı da bu yükü qaldırmağa qadirdir. Nəzərə alsaq ki, Donald Tramp müxtəlif ölkələrə ticarət tarifləri tətbiq etməklə həm də ABŞ-nin iqtisadiyyatına ciddi miqdarda investisiyalar cəlb edir. Belə ki, yalnız Körfəz ölkələrindən 3 trilyondan artıq investisiyanın cəlb olunması, Yaponiya və Cənubi Koreyanın təxminən 500 milyard dollar investisiya yatırmaqla bağlı qərarlar verməsi qeyd olunur. Bundan başqa, Avropa İttifaqı ilə əldə edilmiş ticarət sazişləri və s. Amerikanın iqtisadiyyatına trilyonlarla dollar vəsaitin cəlb olunması deməkdir ki, bu da ABŞ iqtisadiyyatı üçün ciddi bir rəqəm hesab olunmalıdır. Beləliklə, Donald Trump Amerikanı həm də dünyanın “istehsal fabrikinə” çevirməyə çalışır. ABŞ vətəndaşlarına orta və aşağı təbəqə insanlara iki min dollar verilməsi ABŞ iqtisadiyyatı üçün çox da böyük bir yük olacağını düşünmürəm. Bu formada əhalinin yenidən rəğbətini qaytarmaq və ictimai rəydə nüfuzunu qaldırmaq həm şəxsi mənada, həm administrasiya, həm də Respublikaçılar Partiyasının nüfuzunu artırmaqla gələcək seçkilərə müəyyən təməl qoymağa yönəlmiş addımdır”.
Səadət Əlizadə
