“Hücumlar regionu qeyri-sabit edir, BMT müdaxiləsi vacibdir”- ŞƏRH
İran Bəhreynə növbəti ballistik raket və PUA-larla hücum edib. Bəhreynin hava hücumundan müdafiə sistemləri İranın 70 raket və 59 PUA-sını zərərsizləşdirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, müharibə arzuolunmaz nəticələr və proqnozlaşdırılması mümkün olmayan hadisələr də doğura bilir:
“İran və ABŞ-İsrail arasında davam edən müharibədə də bu gözləniləndir. Çünki İranın ABŞ-yə çatacaq raketləri yoxdur. Ona görə də onun ərəb ölkələrindəki hərbi bazalarını vurur. Körfəz ölkələrinin təhlükəsizliyinə ciddi zərbə dəyir. Hətta ərəb ölkələri ABŞ-nin onları qorumadığı barədə narazılıqlarını ifadə edirlər. İran bu hücumlarla region ölkələrini ABŞ-nin bu hücumlarına dəstək verməməyə çağırır. Əli çatan, mülkün olan ABŞ bazasına zərbə endirir. İran bunu əvvəlcədən elan edib ki, əgər ona hücum olunsa, ABŞ-nin bazalarını, dayaq nöqtələrini hədəfə çevirəcək. Təbii ki, bu həm də müharibənin miqyasını genişləndirmək üçündür. Amma iqtisadi böhran dərinləşməmiş beynəlxalq təşkilatların hərəkətə keçməsinə və atəşkəsin bərpasına ehtiyac var. Çünki liderlərin öldürülməsi hakimiyyəti və siyasi sistemi dəyişmək demək deyil. Əksinə, bu ölümlər hakimiyyəti daha da qəti mövqeyə gəlməyə təhrik edir. Hər bir halda ABŞ də uzaq məsafədən uzun zaman müharibə aparmaq imkanında deyil. Beləcə savaş uzana, bölgə üçün də, ABŞ və İsrailin özü üçün də bataqlığa çevrilə bilər. Hər bir halda BMTnin ciddi müdaxiləsi lazımdır ki, vasitəçilər müəyyən edilib danışıqlar masasına qayıdılsın”.
Nuray Əliyeva
