00:00:00
Yazar
Admin User
09.09.2025 05:45 155 2 dəq oxuma
Sosial

Həyatı məhdudlaşdıran gizli düşmənlər

Həyatı məhdudlaşdıran gizli düşmənlər

Mütəxəssislərin sözlərinə görə, insanların gündəlik həyatında qarşılaşdıqları qorxu və fobiyalar onların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Qorxu müəyyən təhlükə qarşısında normal reaksiya hesab edilsə də, fobiya real təhlükə olmadığı halda insanı narahat edən və həyatı məhdudlaşdıran güclü qorxu formasıdır.

 

Psixoloqlar bildirirlər ki, ən çox rast gəlinən fobiyalar arasında hündürlükdən qorxu, qapalı məkan fobiyası, həşəratlardan qorxu və ictimai çıxış qorxusu xüsusi yer tutur. Bu cür halların vaxtında müalicə olunmaması isə insanın sosial münasibətlərinə, iş fəaliyyətinə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.
Mütəxəssislər hesab edirlər ki, fobiyalarla mübarizədə psixoloji dəstək və düzgün yanaşma mühüm rol oynayır.


Mövzu ilə bağlı psixoloq Zeynəb Eyyubova "İnformator.az"a müsahibə verib.


Qorxu ilə fobiya arasında əsas fərq nədən ibarətdir?


"Qorxu və fobiya arasında əsas fərq ondadır ki, qorxu real təhlükə qarşısında insanın həyatını qorumaq üçün yaranan normal psixoloji reaksiyadır. Fobiya isə real təhlükə olmadığı halda belə insanın gündəlik həyatına təsir edən, onu məhdudlaşdıran, idarəolunmaz güclü qorxu formasıdır. Bu səbəbdən fobiya artıq psixoloji dəstək tələb edən vəziyyət kimi qəbul edilir".


Fobiyalarla mübarizədə psixoloqların tətbiq etdiyi ən təsirli üsullar hansılardır?


"Fobiyalarla mübarizədə ən təsirli üsullar sırasında koqnitiv-bihevioral terapiya xüsusi yer tutur. Bu metodda insan öz düşüncə tərzini və reaksiyalarını daha sağlam şəkildə dəyişməyə çalışır. Bundan əlavə, ekspozisiya terapiyası – yəni fobiya ilə bağlı vəziyyətlərlə mərhələli şəkildə üzləşmə – çox təsirli sayılır. Bəzi hallarda relaksasiya texnikaları, nəfəs məşqləri və psixoterapiya ilə yanaşı dərman müalicəsi də tətbiq oluna bilər".


İnsanların qorxuları daha çox şəxsi təcrübədənmi yaranır, yoxsa genetik amillərlə də bağlıdır?


"Qorxuların yaranmasında həm şəxsi təcrübə, həm də genetik amillər rol oynaya bilər. Uşaqlıqda yaşanmış travmalar, neqativ hadisələr və ya ətraf mühitdən öyrənilən davranışlar müəyyən fobiyaların formalaşmasına səbəb olur. Eyni zamanda aparılan elmi araşdırmalar göstərir ki, bəzi qorxuların genetik meyillərlə ötürülməsi də mümkündür".


İnsanların öz fobiyaları ilə üzləşməsi daha effektiv üsuldur, yoxsa onlardan uzaq durmaq?


"Fobiyalarla mübarizədə onlardan uzaq durmaq problemin həllini vermir, əksinə qorxunun daha da güclənməsinə səbəb ola bilər. Daha effektiv üsul – bu qorxularla nəzarətli və mərhələli şəkildə üzləşməkdir. Psixoloq dəstəyi ilə insan tədricən həmin vəziyyətlərə uyğunlaşır və qorxusunu idarə etməyi öyrənir. Bu proses həm özünəinamı artırır, həm də həyat keyfiyyətini yaxşılaşdırır".


Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər