00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
10.07.2026 23:20 134 2 dəq oxuma
Maraqlı

İcarəyə robot götürmək artıq
mümkündür: onlar hansı işləri görə bilir?

İcarəyə robot götürmək artıq mümkündür: onlar hansı işləri görə bilir?

Robotlar uzun illərdir sənaye və istehsal sahəsində istifadə olunur. İlk sənaye robotu 1961-ci ildə ABŞ-də avtomobil istehsalında tətbiq edilib. Sonrakı illərdə texnologiyanın inkişafı ilə onların istifadə sahəsi genişlənərək səhiyyə, logistika, kənd təsərrüfatı və xidmət sektorunu da əhatə edib.

 


İndiki dövrdə isə robotlar  istehsal xətlərində montaj və qablaşdırma işlərini yerinə yetirir, anbarlarda yükləri daşıyır, xəstəxanalarda tibbi ləvazimatları çatdırır, restoran və hotellərdə xidmət göstərir, kənd təsərrüfatında isə əkin sahələrinin monitorinqi və alaq otlarının təmizlənməsində istifadə olunur. İnsanabənzər robotlar isə təqdimatlar, sərgilər və müxtəlif tədbirlərdə fəaliyyət göstərir.

 


Son illərdə robotlardan istifadədə yeni model formalaşıb. “Robot-as-a-Service” (RaaS) adlanan sistem robotların satın alınması əvəzinə aylıq və ya illik ödənişlə icarəyə verilməsini nəzərdə tutur. İcarə paketinə robotun özü ilə yanaşı proqram yenilənməsi, texniki xidmət və təmir də daxildir. Bu model şirkətlərə böyük ilkin xərc çəkmədən müasir texnologiyadan istifadə imkanı yaradır.

 


Hazırda xəstəxana, sənaye, logistika, kənd təsərrüfatı, xidmət və humanoid robotları icarəyə götürmək mümkündür. ABŞ-nin Diligent Robotics şirkəti hazırladığı Moxi robotunu xəstəxanalarda istifadə üçün təqdim edir. Formik sənaye robotlarını fabriklərə aylıq ödəniş əsasında icarəyə verir. 1X şirkəti ev köməkçisi NEO robotunu abunə modeli ilə təqdim etməyə hazırlaşır. Çinin Agibot şirkəti isə humanoid robotlarını 17 ölkədə hotellər, sərgilər və digər xidmət sahələri üçün icarəyə verir.

 


Robot icarəsi modeli biznes üçün xərcləri azaldır, texniki xidmət yükünü istehsalçı şirkətin üzərinə qoyur və istifadəçilərə daim yenilənən texnologiyadan yararlanmaq imkanı verir. Bununla yanaşı, robotların geniş tətbiqi bəzi fiziki işlərə ehtiyacı azaltsa da, proqramlaşdırma, texniki xidmət və robotların idarə olunması kimi yeni peşələrə tələbat yaradır. Bu baxımdan robot icarəsi modeli həm biznes, həm də əmək bazarında yeni mərhələnin formalaşmasına səbəb olur.

Aydan Əsgərxanlı

#işləri #xəbər #görə #götürmək #mümkündür:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər