00:00:00
Yazar
Admin User
22.09.2025 12:03 114 3 dəq oxuma
Sosial

İelts yoxsa Duolingo?

İelts yoxsa Duolingo?

İngilis dilinin istifadə olunduğu ölkələrdə təhsil almaq, işləmək və ya yaşamaq istəyən şəxslər üçün dil imtahanı əsas şərtlərdən biridir. Doğru imtahan seçimi etmək isə çox vacibdir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, xaricdə təhsil almaq istəyən bakalavr və magistratura abituriyentləri, doktorantlar, miqrasiya üçün müraciət edənlər, həmçinin iş üçün dil biliyini sübut etməli olan şəxslər bu imtahanları verməlidirlər:


"İlk növbədə qeyd edim ki, ingilis dilinin biliklərini beynəlxalq səviyyədə təsdiqləyən imtahanlar arasında IELTS və Duolingo English Test hazırda ən çox müraciət olunan seçimlərdəndir. Hər ikisi xaricdə təhsil, iş və ya miqrasiya üçün tələb olunan əsas şərtlərdən biridir, lakin onların əlçatanlığı, strukturu və tətbiq sahələri arasında fərqlər mövcuddur.


Əlçatanlıq baxımından Duolingo daha rahat hesab olunur. Çünki bu imtahan tamamilə onlayn keçirilir, iştirakçı yalnız internet və kamera ilə təmin olunmuş kompüterə malik olmalıdır. Qiyməti də IELTS-ə nisbətən daha aşağıdır (təxminən 59–69 ABŞ dolları). IELTS isə adətən xüsusi mərkəzlərdə keçirilir və qiyməti təxminən 200–250 ABŞ dolları civarındadır. Buna görə də regionlarda yaşayan və imtahan mərkəzinə getmək imkanı məhdud olan şəxslər üçün Duolingo daha əlçatan olur.


Fərqlərinə gəlincə, IELTS həm akademik (xaricdə təhsil üçün) həm də General Training (iş və miqrasiya üçün) formatlarda təqdim olunur. Duolingo isə yalnız ümumi dil bacarıqlarını ölçən vahid formata malikdir və əsasən, universitetlərin qəbul prosesində istifadə olunur. IELTS dünyanın 140-dan çox ölkəsində 11 minə yaxın qurum tərəfindən tanınır, Duolingo isə hələlik əsasən 4500-dən çox universitet və kollec tərəfindən qəbul edilir. Bu baxımdan, beynəlxalq tanınma səviyyəsinə görə IELTS daha geniş istifadə olunur.


İmtahan strukturu baxımından IELTS dörd əsas bacarığı ayrı-ayrılıqda yoxlayır: dinləmə (listening), oxu (reading), yazı (writing) və danışıq (speaking). Ümumi müddəti 2 saat 45 dəqiqədir. Danışıq hissəsi imtahan günündən fərqli günə də düşə bilər və mütləq imtahançı ilə üzbəüz keçirilir. Duolingo isə adaptiv kompüter əsaslı testdir və 1 saat ərzində iştirakçının oxuma, dinləmə, yazı və danışıq bacarıqlarını onlayn şəkildə yoxlayır. Danışıq və yazı hissələri iştirakçı tərəfindən kompüterə təqdim olunur və sonra ekspertlər tərəfindən qiymətləndirilir.


Xaricdə təhsil almaq istəyən bakalavr və magistratura abituriyentləri, doktorantlar, miqrasiya üçün müraciət edənlər, həmçinin iş üçün dil biliyini sübut etməli olan şəxslər bu imtahanları verməlidirlər. Əksər hallarda, universitetlər magistr və ya doktorantura üçün IELTS tələb edir, amma son illərdə daha çox universitetlər, xüsusilə ABŞ və Avropa kollecləri Duolingo nəticəsini də qəbul etməyə başlayıb.


Yaş həddi baxımından nə IELTS, nə də Duolingo üçün rəsmi minimum və ya maksimum yaş məhdudiyyəti yoxdur. Lakin praktikada adətən bu imtahanları 16 yaşdan yuxarı şəxslər verirlər, çünki daha kiçik yaşlıların xaricdə təhsil planları nadir hallarda olur.


Dil səviyyəsi məsələsinə gəldikdə, IELTS-dən tələb olunan minimum bal ölkədən və proqramdan asılı olaraq dəyişir, adətən 6.0–7.0 arası bal qəbul üçün kifayət edir. Bu, Avropa Dil Çərçivəsinə görə B2-C1 səviyyəsinə uyğun gəlir. Duolingo-da isə nəticə 160 ballıq şkala ilə qiymətləndirilir və universitetlərin çoxu 105–120 arası bal tələb edir ki, bu da yenə B2-C1 səviyyəsinə uyğundur.


Qiymətləndirmə sistemi də fərqlidir. IELTS-də hər bölmə (listening, reading, writing, speaking) ayrıca 0-dan 9-a qədər bal toplayır və yekun nəticə dörd balın ortalaması ilə hesablanır. Duolingo isə adaptiv suallar əsasında ümumi bir skor verir, əlavə olaraq danışıq və yazı nümunələri də ayrıca qiymətləndirilmək üçün saxlanılır.


Nəticə olaraq, hər iki imtahanın üstünlükləri var: daha çox tanınma və beynəlxalq qəbul baxımından IELTS, rahatlıq və əlçatanlıq baxımından isə Duolingo önə çıxır. Azərbaycandan xaricdə təhsil almaq istəyən gənclər üçün, xüsusən regionlardan müraciət edənlər üçün Duolingo daha praktik seçim ola bilər. Lakin əgər məqsəd yalnız ali təhsil deyil, həm də miqrasiya və ya beynəlxalq iş fürsətidirsə, IELTS daha etibarlı və geniş tanınan imtahan olaraq qalır".


Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər