İki illik müharibədən sonra irəliyə doğru bir yol var
Qəzzada iki illik müharibədən sonra nəhayət ki, irəliyə doğru bir yol var. Bu sözləri BMT Baş katibi Antonio Quterreş “Nüvə və digər kütləvi qırğın silahlarından azad Yaxın Şərq zonasının yaradılması üzrə konfrans”ın altıncı sessiyasına videomüraciətdə deyib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, hazırda bölgədə sülhə yaxın bir proses formalaşıb:
“BMT-nin Baş katibi Quterreş bildirib ki, artıq iki illik müharibədən sonra Yaxın Şərqdə sülhə doğru real bir addım atılır. Söhbət, bildiyiniz kimi, Həmas–İsrail qarşıdurmasından gedir. Hazırda bölgədə sülhə yaxın bir proses formalaşıb və ABŞ-nin – qırx yeddinci prezidenti Donald Trampın təşəbbüsü ilə BMT-yə 20 maddəlik bir təklif təqdim olunub. Hazırda bu təklif ətrafında ABŞ ilə BMT arasında danışıqlar aparılır. Qeyd etmək lazımdır ki, ABŞ-nin bu təşəbbüsü Yaxın Şərqdə müharibənin başa çatmasına doğru ciddi və əhəmiyyətli bir addımdır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 15 daimi üzvündən 9-u artıq bu təklifi dəstəkləyib. Bununla yanaşı, son günlərdə Rusiya da öz ayrıca təklifini irəli sürüb və onun müzakirəsinə xüsusi önəm verir. ABŞ və Rusiyanın təklifləri arasında müəyyən fərqlər var. Rusiya bildirir ki, Qəzzadan çıxarılan dinc sakinlərin taleyi necə olacaq, onların kütləvi köçürülməsi düzgün deyil. Trampın təklifində isə bölgədəki vətəndaşların müəyyən ərazilərə köçürülməsi nəzərdə tutulur. ABŞ-nin təklifində dolayı yolla Fələstin dövlətinin yaradılması prosesi də qeyd olunur. Rusiyanın təklifində isə Fələstin dövlətinin yaradılması birbaşa və açıq şəkildə göstərilir. Ümumilikdə, bölgənin müharibədən, silahlardan və qarşıdurmadan uzaq, təhlükəsiz zonaya çevrilməsi üçün BMT özü də hesab edir ki, 1967-ci il sərhədlərinə əsaslanan Fələstin dövlətinin yaradılması barədə əvvəlki BMT qərarı icra edilməlidir. Yəni, Fələstin dövləti yaranmalıdır – əsas məsələ də budur. Digər tərəfdən, həm ABŞ-nin, həm də Rusiyanın təkliflərinə İsrailin narazı olması da məlumdur. Dörd əsas vasitəçi ölkə – Qatar, Misir, Türkiyə və ABŞ arasında da proseslə bağlı yeni dinamika formalaşır. Bütün bunları nəzərə alaraq demək olar ki, BMT-nin vasitəçi dövlətlərinin, o cümlədən ABŞ-nin təklifləri qəbul ediləcək və bölgədə sülhə, əmin-amanlığa doğru mühüm bir addım atılacaq. Bu, artıq labüddür".
Qəmər Kazımzadə
