İki ölkə arasında gərginlik: Müharibə başlaya bilər
Çinin Tayvan sərhədlərinə hərbi təyyarə və gəmi patrulları yeritməsi iki ölkə arasında gərginliyin artmasına səbəb olub.
İnformator.az "Euronews"a istinadən bildirir ki, Tayvan Müdafiə Nazirliyi son 24 saat ərzində ada ətrafında 70 Çin hərbi təyyarəsi və 11 döyüş gəmisinin aşkar edildiyini bildirib. Pekin isə öz növbəsində ABŞ hərbi gəmisinin Cənubi Çin dənizinə "icazəsiz daxil olmasını" pisləyib.
Tayvan Müdafiə Nazirliyinin açıqlamasında 70 təyyarədən 35-nin Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən hava və dəniz xətlərini keçdiyi, Tayvanın "Hava müdafiə müəyyənləşdirmə bölgəsi" (ADIZ) elan etdiyi məkanda uçduğu bildirilib.
Tayvan sərhədlərində uçuşlar və gəmi patrullarının yeridilməsi ölkə lideri Tsai İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra başlayan Çin hərbi təlimləri ilə əlaqələndirilir.
Çin Xalq Azadlıq Ordusunun Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Şərq Cəbhəsi Komandanlığı aprelin 8-də ada ətrafında quru, hava, dəniz və raket qüvvələrinin iştirakı ilə birgə hərbi təlimə başlandığını açıqlayıb.
Çin isə öz növbəsində ABŞ-ın Cənubi Çin dənizinə hərbi texnika yeridərək "intruziv daxil olmasını" pisləyib.
Vaşintonla Pekin arasındakı gərginliyin bir digər səbəbi də ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfəri hesab edilir. Çin tərəfi bu səfərdən sonra Tayvan ətrafında hərbi təyyarə və gəmi patrullarının sayını artırmışdı.
Fatima Mustafayeva
