00:00:00
Yazar
Admin User
12.09.2025 17:11 124 2 dəq oxuma
Siyasət

İki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda atılan addımlar

İki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda atılan addımlar

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda səfərdədir. Onu Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb və səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulur.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, təbii ki, Ermənistan və Türkiyə rəsmilərinin qarşılıqlı səfərləri iki dövlət arasındakı münasibətlərin normallaşdırılmasında önəm daşıyır:

 

"Bu baxımdan Türkiyə nümayəndəsinin İrəvana səfəri də diqqət çəkir. Böyük ehtimalla bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret addımların atılmasına planlanmış bir səfərdir. İki tərəfin də bir-biri ilə müzakirə edəcəyi kifayət qədər geniş məzmunda mövzular mövcuddur. Həmin mövzular ətrafında müzakirələrin aparılma ehtimalı yüksəkdir. Hesab etmək olar ki, bu səfərlər Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına yalnız pozitiv təsir göstərə bilər. Üstəlik onu da nəzərə almaq lazımdır ki, belə səfərlər çərçivəsində ilk müzakirə olunan məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlıdır. Çünki Türkiyənin Ermənistan qarşısında dəyişməz bir şərti mövcuddur. Rəsmi Ankara hesab edir ki, əgər Türkiyə və Ermənistan münasibətləri yaxşılaşacaqsa, bu yalnız və yalnız Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasına paralel ola bilər. Bunun üçün də ilk növbədə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması lazımdır".

 

Politoloq həmçinin qeyd edib ki, Rəsmi Ankara bu məsələdə israrlı mövqe tutur və Paşinyan hakimiyyətinə dəfələrlə mesaj verib ki, əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, o zaman Türkiyə və Ermənistan arasında da münasibətlərin yaxşılaşdırılmasında elə də ciddi bir əngəl qalmaz:

 

"Ona görə də bu səfər çərçivəsində də Azərbaycan və Ermənistan arasındakı yekun sülh sazişinin imzalanması məsələsi, eyni zamanda bu sazişin imzalanması qarşısındakı əngəllərin qaldırılması ilə bağlı məsələlərin geniş şəkildə müzakirə oluna biləcəyi hesab olunur. Çünki rəsmi Bakının bu məsələ ilə bağlı prinsipial mövqeyi bəllidir. Ermənistan konstitusiyada dəyişiklik etməlidir və konstitusiyadakı Azərbaycana qarşı ərazi iddiaları olan müddəaları ləğv etməlidir. Bundan sonra yekun sülh sazişinin imzalanması mümkün olacaq və davamında da Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması reallaşmış olacaq. Yəni bu baxımdan böyük ehtimalla bütün bu məsələlər bu səfər çərçivəsində detallı şəkildə müzakirə oluna bilər".

 

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər