"İkinci Dünya Müharibəsinin nəticəsi olan dünya nizamı dağılıb"- ŞƏRH
Şimali Atlantika Alyansı (NATO) Rusiya ilə potensial hərbi toqquşmada tam üstünlüyə malikdir və istənilən döyüşdən qalib ayrılmaq gücündədir.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, NATO-nun Baş katibi Mark Ruttenin “Rusiya indi hücum etsə, Alyans bütün döyüşləri qazanacaq” açıqlaması tamamilə həqiqəti əks etdirir:
“Dörd il ərzində Ukraynaya qalib gələ bilməyən Rusiya NATO-ya qarşı bir neçə saat davam gətirə bilməz. Rusiyanın nüvə silahı olmasa, istənilən bir ölkənin Rusiyaya qarşı ikinci cəbhə açması Rusiya üçün fəlakətli olar. ABŞ isə elə bir nəhəng gücdür ki, Rusiyadan dəfələrlə güclü olan Sovet İttifaqı onunla müharibədən çəkinirdi. Bunlar sübuta ehtiyacı olmayan məqamlardır. BMT və digər beynəlxalq institutların bu gərginlik fonunda rolundan danışmaq mümkün deyil, çünki bütün beynəlxalq təşkilatlar iflic vəziyyətindədir. Bu halın özü də normaldır. İkinci Dünya Müharibəsinin nəticəsi olan dünya nizamı dağılıb. Həmin nizamı ehtiva edən təsisatlar da dağılma mərhələsinə qədəm qoyublar. Yeni dünya nizamı yaranıb formalaşdıqdan sonra öz təsisatlarını yaradacaq. İkinci Dünya Müharibəsinin nəticəsi olan dünya nizamı dağıldığı üçün neytral ölkələr anlayışı da şərti xarakter daşımağa başlayıb”.
Aytac İbrahimova
