İkinci Zelenski hadisəsi!
ABŞ Prezidenti Donald Trampın Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə keçirdiyi görüş zamanı gərginlik yaşanıb. Daha əvvəl də Ukrayna lideri Zelenski ilə Ağ Evdə mübahisə edən Tramp, bu dəfə Ramafosanı soyqırımla ittiham edib. Tramp işıqları söndürərək Cənubi Afrikadakı zorakılıq hadisələri ilə bağlı video nümayiş etdirib.
Tramp görüş zamanı Cənubi Afrikada ağ fermerlərə qarşı zorakılığı “soyqırım” adlandıraraq bu hadisələrlə bağlı videolar izlədib.
“Fermerlər torpaqlarından qovulur və öldürülür. Əgər bu soyqırımdırsa, bu insanları ölkəmizə qəbul etməliyik”, – deyə Tramp bildirib. O, ABŞ-li milyarder İlon Maskdan da söz açaraq, “İlon Cənubi Afrikadandır. O da baş verənləri çox yaxşı bilir”, – deyib.
Trampın göstərdiyi video yayımlanarkən Ramafosa əsasən reaksiyasız qalıb, zaman-zaman başını çevirərək videoya baxıb. O, videonu daha əvvəl görmədiyini və harada çəkildiyini öyrənmək istədiyini bildirib.
Ramafosa ölkədə cinayətkarlığın ciddi bir problem olduğunu və qurbanların böyük əksəriyyətinin qaradərililər olduğunu deyib. Ancaq Tramp onun sözünü yarımçıq kəsərək, “Fermerlər qaradərili deyil”, – deyə cavab verib. Ramafosa isə, “Bu narahatlıqları sizinlə müzakirə etməyə hazırıq”, – deyə cavab verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə ay əvvəl Ağ Evdə Ukrayna Prezidenti Zelenski ilə də gərginlik yaşamışdı. Görüşdən sonra Zelenski Ağ Evi tərk etmiş və yaşananlar dünya ictimaiyyətində böyük müzakirələrə səbəb olub.
Haberler.com
Aygün Babayeva