İlham Əliyev ASB-nin sammitində iştirak etmək niyyətində deyil
İlham Əliyev ASB-nin 2026-cı ildə Ermənistanda keçiriləcək sammitində iştirak etmək niyyətində deyil.
"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksək səviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilərdi. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir".
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, sammitin Ermənistanda keçirilməsi Paşinyanın seçkiqabağı kampaniyasına dəstək kimi də qəbul oluna bilər:
“Məlumdur ki, Avropa Siyasi Birliyi sammitinin son iclasında növbəti üç il üçün sammitin keçiriləcəyi ölkələrin adları müəyyənləşdi və qərara alındı ki, sammitin toplantıları 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçirilsin. 2026-cı ildə sammitin Ermənistanda keçirilməsi, əslində, Avropa Birliyi tərəfindən Paşinyanın seçkiqabağı kampaniyasına dəstək kimi də qəbul oluna bilər.
Konkret Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistanda keçiriləcək toplantıya dəvətinə gəldikdə isə, əvvəldən də məlum idi ki, indiki şərtlər daxilində belə bir səfərin reallaşması mümkün deyil, xüsusən də Azərbaycan Prezidenti üçün. Niyə xüsusilə Azərbaycan Prezidenti deyirəm? Çünki Türkiyə Prezidentinin iştirakı erməni cəmiyyəti üçün və eləcə də Türkiyə üçün qeyri-adi görünməyə bilər. Belə ki, Paşinyanın Türkiyəyə səfərləri reallaşıb və indi cənab Ərdoğanın da cavab səfəri prinsip etibarilə mümkünsüz görünmür.
Prezident İlham Əliyevin səfərinə isə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi imkan vermir. Həqiqətən də sülh sazişi imzalanmadan belə bir səfərin reallaşması Ermənistanda sülh istiqamətində praktik addımların atılmasının vacib olmaması ilə bağlı yanlış təsəvvür formalaşdıra bilər. İkitərəfli münasibətlərin bərpası və bu cür səfərlərin reallaşması üçün hüquqi bazanın rəsmiləşdirilməsi və Ermənistan tərəfindən öhdəliklərin icra edilməsi şərtdir. Bunlar baş verəcəksə, təbii ki, gələcəkdə müvafiq səfərlərin olma ehtimalı da artacaq.
Ümumiyyətlə isə Avropa Siyasi Birliyinin sammiti hansısa qərarların qəbul olunduğu toplantı deyil. Bu birlik siyasi dialoq və strateji müzakirələr üçün bir platformadır və ildə iki dəfə keçirilən bir tədbirdir. Yəni, başqa sözlə, bu toplantılardan hansısa birində iştirak etməmək heç nəyi dəyişməyəcək və beynəlxalq birlik tərəfindən də normal qarşılanacaq. Digər tərəfdən isə tədbirdə iştirakdan imtina beynəlxalq diqqəti sülh prosesinə yönəltməyə, Ermənistanı məsuliyyətli olmağa və real sülh üçün addımlar atılmasının vacibliyini dərk etməsinə səbəb olacaq".
Aydan Əsgərxanlı
